NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhərində və rayonlarda IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının I-şəhər və rayon mərhələsi keçirilib. Naxçıvan şəhərindən 240 olmaqla ümumilikdə 545 şagirdin iştirak etdiyi bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, və coğrafiya fənləri üzrə keçirilən olimpiadada test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə maksimum üç saat vaxt verilib.
Şəhər və rayon mərhələsinin nəticələri olimpiadaların keçirildiyi vaxtdan sonra 10 gün müddətində muxtar respublika təşkilat komitəsi tərəfindən elan ediləcəkdir.
Şəhər və rayon mərhələsinin nəticələrinə əsasən hər fənn üzrə hər sinifdən ən yüksək nəticə toplayan 3 şagird muxtar respublika mərhələsinin yekun turuna vəsiqə qazanacaqdır.
Təhsil Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, 2 mərhələdən ibarət olan fənn olimpiadalarının muxtar respublika mərhələsi fevralın 12- də keçiriləcək.
Olimpiadaların muxtar respublika mərhələsinin qalibləri təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələr ilə təltif olunacaqlar.
Aygün Hüseynli