Yanvarın 24-də Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından danışıb. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 12 məsələ müzakirə olunub. Payız sessiyasında komitəyə 149 müraciət ünvanlanıb. Vətəndaşlardan daxil olmuş 137 müraciətlə əlaqədar 102 məktub hazırlanıb aidiyyatı üzrə müvafiq təşkilatlara göndərilib.
Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan iş planına baxılıb və təsdiqlənib.
İclasda, həmçinin “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən komitə sədri İsa Həbibbəyli bildirib ki, sənəd 5 fəsil, 33 maddədən ibarətdir. Bu sənəd Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsində qeyd edilir ki, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdirilir. Tədris ili ərzində bu sayın azalması siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır. Ümumi orta təhsil icbaridir, eyni zamanda, ümumi təhsil pulsuzdur. Ümumi təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyə, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilər. Yəni, qanun layihəsinə əsasən, Azərbaycanda bələdiyyə məktəbləri də yaradılacaq. Sənəddə əksini tapan məsələlərdən biri də məktəblərdə vahid geyim formasının tətbiq edilməsidir. Belə ki, ümumi təhsil müəssisəsində təhsil alanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyənləşmiş geyim formaları tətbiq olunacaq. Sənədin mühüm və başlıca cəhətlərindən biri gənclərə müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar verilməklə yanaşı, onların vətənpərvər ruhda yetişdirilməsidir.
Layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların toxunduğu əsas məsələlərdən biri dərsliklərlə bağlı olub.
Deputatlar sənədlə bağlı fikir və təkliflərini səsləndiriblər.
İclasda iştirak edən təhsil nazirinin müavini İdris İsayev deyib ki, növbəti ayda dərsliklərlə bağlı normativ-hüquqi akt qəbul ediləcək. Bu, ictimaiyyətə açıqlanacaq. Həmin sənəddə həm dərsliklərin hazırlanması, həm təsdiqlənməsi, nəşr edilməsi kimi müddəalar əksini tapacaq. Əlbəttə, dərsliklər təhsilin məzmunundan irəli gəlir. Məzmunla bağlı bu qanunda da müddəalar bir qədər genişləndirilə bilər.
Qanun layihəsinə əsasən, Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat veriləcək. Qanun layihəsi ilə yanaşı, ölkədə dövrün və zamanın tələblərinə uyğun olaraq Ümumi Təhsilin Dövlət standartlarının növbəti mərhələsi hazırlanır.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib ki, Təhsil Nazirliyi Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ümumi təhsilin yeni standartlarını hazırlayıb. Yeni fənn kurikulumlarının layihələri də hazırlanıb. Milli-mənəvi dəyərlər, tədris yükünün optimallaşdırlması yeni hazırlanan sənədlərdə əksini tapıb.
Sonra cari məsələlər müzakirə olunub.