Məktəblilər “Naxçıvanımızı tanıyaq” mövzusunda biliklərini sınayıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanımızı tanıyaq” mövzusunda bilik yarışı keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə İbrahimova çıxış edərək yarışın məqsəd və vəzifələri, keçirilmə qaydaları barədə məlumat veriblər. Bildirilib ki, seçim mərhələsi 5 turdan ibarətdir. Hər turun seçim mərhələsində 4 komandada 20 məktəbli iştirak edir. Seçim mərhələsində ən yaxşı nəticə göstərən 5 komanda final mərhələsinə vəsiqə qazanır. Hər seçim turu test və video formatında olmaqla 32, final mərhələsi isə 40 sualdan ibarətdir.
İlk seçim turunda Heydər Əliyev adına tam orta məktəbin “Buta”, 1 nömrəli tam orta məktəbin “Əcəmi”, 2 nömrəli tam orta məktəbin “Batabat” və 4 nömrəli tam orta məktəbin “Göygöl” komandaları biliklərini sınayıblar. Komandalar tarix, coğrafiya, görkəmli şəxsiyyətlər və tarixi mədəniyyət abidələrinə aid sualları cavablandırıblar. Hər sual üzrə düzgün cavab 10 balla qiymətləndirilib. Heydər Əliyev adına tam orta məktəbin “Buta” komandası daha çox sualı düzgün cavablandıraraq final mərhələsinə vəsiqə qazanıb.
Məhəmməd Fərəcov