Muxtar respublikanın digər ali təhsil ocaqları kimi Naxçıvan Müəllimlər İnstitutunda da 2018-2019-cu tədris ilinin birinci yarım ili başa çatmaqdadır. Ali təhsil ocağında payız imtahan sessiyası da hələ davam edir. Bununla bağlı Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzovla həmsöhbət olduq. NUHÇIXAN həmin müsahibəni təqdim edir.
-Salam, Azad müəllim təmsil etdiyiniz ali təhsil ocağında payız imtahan sessiyası ilə bağlı vəziyyət necədir?
- Salam. Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunda yanvarın 3-dən start götürən payız semestrinin imtahan sessiyası hələ davam edir. Bakalavriat səviyyəsi üzrə 8, magistratura üzrə isə 3 ixtisasın tələbələri semestr imtahanları verirlər.
Öncə qeyd edək ki, imtahan sessiyasına hazırlıq işləri vaxtında və yüksək səviyyədə aparılıb, aid strukturlarda müzakirə edilib, uyğun qərarlar qəbul olunub və icrası istiqamətində lazımi işlər görülüb. Sessiyanın obyektiv və şəffaf keçirilməsi üçün operativ qərargah yaradılıb. Qərargahın tərkibinə İnstitutun uyğun strukturlarının rəhbərlərindən başqa, tələbə təşkilatlarının, ictimaiyyətin, KİV və valideynlərin nümayəndələri də daxil edilib. Fakültələrdə münaqişə komissiyaları yaradılıb. İnstitutun birinci mərtəbəsinin foyesində şikayət və təkliflər qutusu qoyulub, rəsmi saytda elektron müraciət imkanı yaradılıb. Yəni tələbələr hansısa təklif və onları narahat edən məsələ ilə bağlı rəhbərliyə bu vasitə ilə müraciət edə bilərlər. Onu da qeyd edək ki, institutun rektoru Elbrus İsayevin şəxsən iştirakı ilə operativ qərargahın gündəlik keçirilən toplantılarında nəticələr müzakirə edilir, operativ qərarlar qəbul edilir və tapşırıqlar verilir.
- Bəs imtahanın daha yaxşı və şəffaf keçirilməsi üçün hansı addımlar atılıb?
- Xatırladaq ki, semestrin əvvəllərindən müəllimlər tərəfindən imtahan sualları hazırlanıb və tələbələrə çatdırılıb. Tələbələrin sərbəst işləri yerinə yetirməsi, kollokviumlara hazırlaşması və onları ödəməsi üçün vaxtında lazımi işlər görülüb. Kafedralarda imtahan sualları əsasında biletlər tərtib olunub. Sessiyanın gedişində imtahanqabağı məsləhətlər təşkil edilir. İmtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün hər cür şərait yaradılır. Məlumat üçün bildirək ki, tələbələr əsasən yazılı şəkildə imtahan verirlər. Yeri gəlmişkən, imtahanların test üsulu ilə deyil, yazılı təsvir yolu ilə aparılması gələcək müəllimlərdə bir sıra zəruri peşəkar səriştələrin formalaşmasına da xidmət edir. İmtahanların gedişini hər qrup üzrə 2 nəzarətçi müəllim izləyir. Sualları cavablandırmaq üçün tələbələrə 150 dəqiqə vaxt verilir. İmtahanların aparılmasında kənar müdaxiləyə qətiyyən yol verilmir. İmtahanlarda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. İmtahanların gedişatı zamanı indiyədək heç bir neqativ hal qeydə alınmayıb.
- Maraqlıdır, xarici dil ixtisası üzrə təhsil alan tələbələrin imtahanları necə aparılır?
- Məlum olduğu kimi, Naxçıvan Müəllimlər İnstitutunda bu tədris ilində rus dili müəllimliyi ixtisası üzrə kadr hazırlığına başlanılıb. Xarici dil müəllimi hazırlığı aparılan ali təhsil müəssisələrində ixtisas dili üzrə bir sıra imtahanlar fərqli qaydada aparılır. Bu haqda bir qədər ətraflı bəhs etmək istəyirəm. Tələbələrin xarici dildə oxuma, yazma, anlama və danışma səriştələrinin səviyyəsini yoxlamaq üçün uyğun imtahan formaları seçilir. Bəzi ixtisas fənləri üzrə imtahanlarda İKT vasitələrindən istifadə edilir. Bugünlərdə rus dilində oxu və nitq fənni üzrə keçirilən imtahan diqqəti cəlb edib. İmtahan iki formada – yazılı və sifahi formalarda keçirilib. Təklif olunmuş 5 sualdan ikisi yazılı, biri şifahi, ikisi isə həm yazılı, həm də şifahi formada aparılıb. Tələbələr əvvəlcə xüsusi olaraq hazırlanmış audiomətnləri dinləyib, suallara dinləyib-anlama əsasında həm yazılı cavablar verib, həm də test tapşırıqlarını yerinə yetiriblər. Proqram tələbləri çərçivəsində sərbəst mövzuda yazılı mətn tərtib etmək tələbələr üçün verilən imtahan tapşırıqlarından biri olub. Başqa bir tapşırıq isə sərbəst mövzuda şifahi mətn tərtib etməkdən ibarət olub. Verilən mətnin oxunması və ana dilinə çevrilməsi, sonra isə onun məzmununun söylənilməsi sonuncu tələb olub. İmtahanın keçirilməsi prosesini İnstitut rəhbərliyi əyani olaraq izləyib, imtahandan sonra tələbələrin imtahana dair fikir və rəyləri öyrənilib. Qeyd olunub ki, imtahanın forması fənn proqramrının tələblərinə tam uyğun olduqda nəticə uğurlu olur. Yeri gəlmişkən, tam orta ümumtəhsil məktəblərin builki məzunları da tələbə qəbulu zamanı xarici dildən imtahanı yeni qaydada verəcəklər. Biz bu sahədə fəaliyyət göstərən ali təhsil ocağı kimi indidən həmin tələbələri qarşılamağa hazırlaşmalıyıq.
- Azad müəllim, bayaq dediniz ki, təhsil ocağında qərargah yaradılıb. Bəs tələbələrin təkliflərinə necə baxılır, onların problemləri vaxtında həll olunurmu?
- Qeyd edək ki, qərargaha daxil olan bütün yazılı, şifahi və elektron müraciətlərə dərhal baxılır, qaldırılan məsələlər operativ araşdırılır və suallar cavablandırılır. İndiyə kimi daxil olmuş 17 müraciətin 17-si də operativ qərargah tərəfindən qəbul edilib, 4 tələbənin yazı işinə yenidən münaqişə komissiyasında baxılmaqla qiymətləri yüksəldilib, 13-ünün isə aldığı qiymət təsdiqlənib. Valideynlər, KİV nümayəndələri imtahan prosesini həm imtahan zallarında, həm də yazı işlərinin kodlaşdırılması və yoxlanılması otaqlarında izləmək imkanlarından istifadə edirlər. Tələbələr arasında keçirilən sorğuda onlar imtahanın təşkili və keçirilməsi zamanı tətbiq olunan qaydalardan razı qaldıqlarını bildirirlər. Bu işlərdə başlıca nəticə tələbə və valideyn məmnunluğu, əsaslı arzu və təkliflərin dərhal və ya yeri gəldikcə nəzərə alınmasına müraciət edənlərdə əminliyin yaranmasıdır. Onu da xatırladaq ki, tələbələrin imtahanlara rahat hazırlaşması üçün institutda internet ilə təchiz edilən xüsusi auditoriyalar və elektron kitabxana xidməti fasiləsiz fəaliyyət göstərir. Artıq payız semestrinin imtahan sessiyası yekunlaşmaq üzrədir. İmtahan sessiyasının sonunda nəticələr geniş şəkildə müzakirə olunacaq, gələcək fəaliyyət üçün tədbirlər planı qəbul ediləcəkdir.
-Müsahibə üçün çox sağ olun.