Naxçıvan Dövlət Universiteti Azərbaycanda ilk dəfə “Qlobal Enactus və Enactus Azərbaycan” tərəfindən diplomla təltif olunub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev “Enactus” Azərbaycanın rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalovla görüşüb.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev “2024-cü il Enactus Azərbaycan Milli Yarışı”nda beşinci dəfə qalibiyyət əldə edən universitet komandasının uğurlarından bəhs edib.

Bildirilib ki, universitetin “Enactus” komandası müxtəlif illər ərzində ölkəmizi beynəlxalq yarışlarda təmsil edib. “Enactusla” bağlı yeni layihələrin hazırlandığını qeyd edən rektor sözügedən milli çempionatın tələbələr üçün önəmindən söz açıb. Vurğulanıb ki, ölkənin iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etmək, eyni zamanda, onlarda təşkilatçılıq və idarəçilik qabiliyyətlərinin inkişaf etdirilməsində “Enactus”un rolu əvəzsizdir. Elbrus İsayev respublikada gənclər siyasəti və kadr hazırlığına öz töhfəsini verən, tələbələrin böyük maraq göstərdiyi bu çempionatda yaradılan şəraitə və şəffaf mühitə görə təşkilatçılara təşəkkürünü bildirib.

“Enactus” Azərbaycanın rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad Zeynalov NDU-nun “Enactus” komandasını Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Təşkilatları İttifaqı və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən milli çempionatında 5-ci dəfə qalib olmağı münasibətilə təbrik edib. Rəşad Zeynalov Qazaxıstanın Astana şəhərində keçiriləcək “Enactus” Dünya Kubokunda ölkəmizi təmsil edəcək NDU komandasına uğurlar arzu edib.

Sonra yarışda 5 dəfə uğurlu iştirakına görə Azərbaycanda ilk dəfə “Qlobal Enactus və Enactus Azərbaycan”ın diplomu Naxçıvan Dövlət Universitetinə təqdim olunub. Eyni zamanda, “Enactus” yarışında göstərdiyi xidmətlərə görə NDU-nun “Enactus” komandasının rəhbəri Ülvi Baxışlı “Qlobal Enactus və Enactus Azərbaycan” tərəfindən diplomla təltif edilib.

Sonda ali təhsil ocağının rektoru qonağa hədiyyə təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: