Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

A- A A+

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.

NUHÇIXAN UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Savadlılıq Günü “Çoxdilli təhsilin təşviqi: qarşılıqlı anlaşma və sülh üçün savadlılıq” devizi altında qeyd olunur.

UNESCO-nun Baş direktoru Odre Azule Beynəlxalq Savadlılıq Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, uşaqlar üçün oxumağı və yazmağı ana dilində öyrənmək daha asandır. Lakin insanların 40 faizinin danışdığı və ya başa düşdüyü dildə təhsil almaq imkanı yoxdur. Afrikada hər 10 uşaqdan 8-i məktəb təhsilinə evdə danışdığı dildən fərqli bir dildə başlayır. Bu gün inkişaf etməkdə olan ölkələrdə on yaşınadək hər dörd uşaqdan üçü sadə mətni oxuyub anlamağı bilmir və dünyada böyüklər arasında 754 milyon nəfər hələ də savadsızdır, onların üçdə ikisi qadınlardır.

Müraciətin tam mətni UNESCO-nun saytında yerləşdirilib.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Həmçinin son illər ölkəmizdə müasir standartlara cavab verən modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Azərbaycanda təhsilə ən yüksək səviyyədə göstərilən qayğı, bu sahədə həyata keçirilən hər bir islahat xalqın xoşbəxt gələcəyinə hesablanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: