Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır!
DİM-dən NUHÇIXAN-a bildiriblər ki, son vaxtlar sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin adından və cəmiyyətdə malik olduğu nüfuzdan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıb. Onlar, imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi‑metodik kömək göstərmək məqsədilə DİM-in əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.
Mərkəzin məlumatında http://dim.gov.az/news/2938/ bu cür hallara yol verən saytlar və qruplar ətraflı göstərilib.
İmtahana hazırlaşan şəxslərə, onların valideynlərinə və müəllimlərinə tövsiyə olunur ki, hazırlıq zamanı Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklərdən və DİM-in imtahan iştirakçılarına elmi-metodik kömək məqsədilə hazırlayıb nəşr etdiyi rəsmi materiallardan istifadə etsinlər.