Hər anı bir ömrə bərabər məktəb illəri - FOTOLAR
Bu uzun, keşməkeşli həyat yolunda yeridiyimiz, büdrəyərək yıxıldığımız, fəqət yenə də sağlam şəkildə ayaqda saxlayan, bizi böyüdən məktəb illəridir.
Bu gün Azərbaycanın bütün bölgələrində ilk dərs günüdür! Bu gün ilklərin təməl günü, sağlam addımlarının günüdür! Həmin gün dərsə gedən körpələr arasında məktəb zəngini ilk dəfə eşidən birincilər daha həyəcanlı, daha sevincli olacaqlar. Çünki onlara qucaq açan, cığır açan məhz həyatdır. Məktəb də həyatın özü deyilmi? Elə bir həyat ki əvvəl sən zəng çalırsan, sonra zəng çalınır. Hər ikisindən qalan tək xatirə ağ fondakı qara şəkillərdir. Məktəbin rəngli albomlarında, həyatın yeganə toxuna bilmədiyi daşlaşan, heykəlləşən şəkillər! Yeni tədris ilinin başlanmasına ən çox sevinənlər, sözsüz ki, birincilər olur. Bu gündən onlar məktəbi öz rəngarəng dünyalarının on bir ilinə sığdıracaq. Anayla başlayan hərfdə böyüyüb, Vətənlə tamamlanıb, zəhmətə qatlaşacaq hər bir birinci, həqiqətən də, gələcəyimizə bir inci olacaq. Bu yolda onlardan mübhəm sevgisini gizlətməyən, bələdçi və mayak rolunu oynayan, şübhəsiz ki, ibtidai sinif müəllimləri olacaq. Bu balaca dəcəllərimiz öz oyuncaqlarından, nağıl dünyalarından, cizgi filmi qəhrəmanlarından ayrılıb, məktəb həyatına qədəm qoyduqları ilk gün, ilk dərs onların yaddaşında silinməz izlər buraxacaq. Aldıqları bilik və bacarıqla elm və bilik yollarına addımlayan körpə fidanların sağlam əqidə, aydın zehniyyətlə böyüyərək vətənpərvər ruhda tərbiyə olunacağına heç şübhəmiz yoxdur. Bu ruhda böyüyən körpə fidanlarımızın səsi gələcək on bir il sonra parta arxasından: “Məktəb illəri, məktəb illəri...ömrümün ən şirin, duyğulu, qayğısız günləri”.
Həyatımızın ən mənalı, ən şən, ən qayğısız və nəşəli dönəmi məktəblə bağlıdır. Məktəbdə yaşanan acılı, şirinli xatirələr uşaq yaddaşımıza həkk olunaraq bizi ömürboyu lent yazısı kimi ağ-qara fonda izləyir. Əlimizə ilk qələmi parta arxasında oturarkən alır, böyük “A”, kiçik “a” yazmağı öyrədən müəllimlərimiz sayəsində “Ana”, “Ana Vətən”, “Ana torpaq” yazmağı qavrayırıq. Bax buradan başlayır ana, ana torpaq, millət, ölkə və sevgi qavrayışları. On bir il bir parta arxasında oturub ikinci evimiz sayılan məktəb bizə ilk parta yoldaşlarımızı, dəcəlliklərimizi, təmiz və saf sevgilərimizi ərməğan edir.
Ah, necə gözəl mənzərədir! Ovuc içi boyda əlləri ovuclarına alıb, valideynlərin övladlarını məktəbə aparmaq duyğusu.... Müəllimlərin öz birincilərini bağrına basıb onbirincilərini uğurlaması... Məktəbdə yaşanan hər duyğu nöqtəsini qoya bilmədiyimiz fərqli sərgüzəştlər yaradır. Əminik ki, hər kəsin həyatında iz qoyan bu sərgüzəştlər hər kəsə daim işıq, sönməyən şam olub. Bu işıq bizə tükənməz arzular, xəyallar bəxş edib.
Xəyallarımızın başlanğıcı olan məktəb, həyatımızın enişli-yoxuşlu yollarında həmişə zirvədə olaraq bizi intizamlı, idarəçi, güclü, mübariz və prinsipial, vicdanlı vətəndaş olmağa səsləyir. Həyatımıza səs salan bu yol bizi daha yüksək səslərə getməyimizə yol açır. Bu yolda isti elm ocağı yatır. Ayaq bağımızın qopmadığı, əllərimizin şükür etdiyi, qızındığı, ürəyimizin qaldığı, bu ocaq bizə yanımızda daşıyacağımız yeni közlər bəxş edərək o odda yanmağı, yenidən başlamağı təbliğ edir.
Hər yolun bir sonu olduğu kimi, məktəb həyatının da bir sonu başlayır. Bu yolun sonu bizi ya ailə qurmağa, ya hərbi xidmətə, ya da hamımızın ən ümdə arzusu olan ali məktəblərə aparır. Hər şey eşitdiyimiz bir zənglə başlayır, son zəng! Həmin gün çalınan o zəng bizi həyatımızda təmin olunduğumuz bütün maddi və mənəvi məsuliyyətdən azad edərək daha böyük məsuliyyətlərə, üfüqlərə yollayır. Bəli, son zəng bizi ən məhrəm hisslərimizdən ayıraraq sanki böyüməyə, inkişaf etməyə, həyatın məsuliyyət və qayğılarını öz çiynimizə götürmək üçün çalınır. Artıq nə o ağuşda tutulan əllərin sahibi, nə o yollar var. Nə məktəb həyəti, nə intizarını gözümüzü yummadan səhərəcən gözlədiyimiz sinif yoldaşlarımız var. Nə o üstü cızılmış, bozarmış partalar, nə əli təbaşirli müəllimlərimizin səmimi çöhrəsi var. Artıq “Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə” sırğa olub qulaqlarımızdan, xəyal olub gözlərimizdən asılıb. Artıq məktəb partalarının boş olan yeri yeni birinciləri salamlayıb “xoş gəldin!” edir. Daha acqarına əzbərlədiyimiz “bir vardı, biri yoxdu” nağılların yerini “bir zaman orada biz otururduq, indi isə birincilər” fikri ilə dəyişib, həyata davam edirik.
Başlayır universitet həyatı! Yenə qaynar, yenə izdihamlı, yenə kimsə dərsə qaçır, kimsə kitablarını sinəsinə sıxıb oturacağı yeri, qrup yoldaşlarını, müəllimlərini həsrətlə gözləyir, alacağı bilikləri dərk edib həyatına tətbiq etmək haqqında düşünür. Bax, beləcə, yeni sinif otaqları, yeni müəllimlər, yeni tədris ili və sirli-sehrli bilik xəzinəsinin qapıları yenidən sizinlə üz-üzə! Artıq müstəqil, təkbaşına, siz özünüzlə üz-üzəsiniz. Qayğılı, özünü dərk edən, məsuliyyətli cəmiyyətin bir fərdi – tələbəsi dövlətinə güvənir, inkişafa atılır, yeniliyə, gələcəyə ümidlə baxır, təhsilinə bel bağlayır... Bu, daim davam edir, çünki Bilik Günü hər şagirdin və tələbənin əlindən tutaraq yeni bir günə aparır.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru