“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, bu il ilk dəfə ölkə üzrə muxtar respublikada mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, cari ilin 2-10 iyul tarixlərində müsabiqənin test mərhələsi keçirilib. Hər bir namizədə bərabər imkanlar yaradılmaqla keçirilən test mərhələsinə 1667 namizəd dəvət olunub, onlardan 1341-i (80,4 faizi) imtahanda iştirak edib. Müsabiqənin test mərhələsində uğur qazanan 145 namizədə ümumtəhsil məktəblərindən və peşə təhsil müəssisələrindən 527 vakant yer təklif olunub. 4-17 avqust tarixlərində keçirilən müsahibə mərhələsində iştirak edən 133 namizədin hər biri müəllim adını qazanıb.
Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində tutulmayan vakant vəzifələrə müəllimlərin işə qəbul müsabiqəsinin test mərhələsində uğur qazanan namizədlər üçün müddətli müqavilə əsasında müəllim vəzifəsinə işə qəbul prosesi aparılır. Bu günədək 17 namizədlə müqavilə bağlanılıb və bu proses tədris ili ərzində davam etdiriləcək.