Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu keçirilib - FOTOLAR
Ölkədə ilk dəfə Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə yaradılan SABAH qruplarına tələbə qəbulu aparılıb.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, sentyabrın 17-də SABAH qruplarına qəbul olan tələbələrlə görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, SABAH qrupları layihəsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsis olunub.
Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universiteti üçün nəzərdə tutulmuş prioritet məsələlərdən biri universitetdə yeni məzmunlu proqramların (SABAH və s.) təşkilidir. Dövlət Proqramının icrası ilə əlaqədar olaraq ölkəmizdə ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində 2024-2025-ci tədris ilindən etibarən Tibb ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlayıb.
Bildirilib ki, Dövlət Proqramı əsasında istifadəyə verilməsi nəzərdə tutulan yüksək standartlara cavab verəcək Tibb kampusu SABAH qruplarının tələblərinə uyğun, peşəkar tibb kadrlarının hazırlanmasına öz töhfəsini verəcək. SABAH qruplarında tədrisin təşkili xüsusi tədris planı əsasında həyata keçiriləcək. Belə ki, dünyanın nüfuzlu, tibb sahəsi üzrə qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri əsasında peşəkar həkimlərin tədrisdə iştirakı nəzərdə tutulur, eyni zamanda, tələbələrin digər ölkələrin universitet və klinikalarında təcrübələri təşkil ediləcək.
Elbrus İsayev vurğulayıb ki, SABAH qrupları layihəsində ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadrlar hazırlanacaq. SABAH-ın tələbələri xarici mübadilə proqramlarında iştirak edəcək, müasir müəssisə və şirkətlərdə ixtisas təcrübəsi, tədrisin təşkilində mütərəqqi forma və metodlar, yataqxana və əlavə təqaüdlərdən istifadə imkanı qazanacaqlar.
Tibb ixtisası üzrə II kurs tələbəsi Şövkət Əlisoy tələbələr adından çıxış edərək, gələcəkdə peşəkar kadr kimi formalaşıb tibb sahəsinə öz töhfələrini verməyə çalışacaqlarını bildirib.
Sonra tanınmış cərrah Cəfər Quliyevin görkəmli onkoloq-alim, akademik Rəhim Rəhimova həsr etdiyi “Ordubaddan doğan günəş” kitabı tələbələrə hədiyyə olunub.
Qeyd edək ki, SABAH qruplarına imtahanlar test və müsahibə mərhələsi olmaqla iki istiqamətdə keçirilib. Ən yüksək bal toplayan 21 nəfər layihədə iştirak etmək şansı qazanıb. Həmçinin SABAH qruplarında dərs tədris edəcək müəllimlər də müvafiq fənlər və ixtisaslar üzrə müsahibə mərhələsindən keçərək, layihədə iştirak etmək hüququ əldə ediblər.