On iki yaşlı məktəbli Naxçıvanın ilk innovativ əmlak platformasını təqdim edib - FOTOLAR
Sentyabrın 20-də Naxçıvan Gənclik Mərkəzində Şərur şəhər 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Ədalət Əlisoyun “Naxemlak.az” platformasının təqdimatı keçirilib.
Muxtar Respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, təqdimat mərasimində platformanın qurucusu Ədalət Əlisoy saytın yaradılma prosesi, məqsədi və daşınmaz əmlak sektoruna gətirdiyi yeniliklər barədə ətraflı məlumat verib. Platformanın əsas funksiyaları, o cümlədən təkmil axtarış və filtrləmə, “Google” xəritə inteqrasiyası, əmlakçı qeydiyyatı, real vaxt mesajlaşma və SMS qeydiyyatı canlı şəkildə nümayiş etdirilib. 12 yaşlı Ədalət platformanın yaradılma prosesi və texnoloji çətinlikləri aşma təcrübəsi ilə bağlı hekayəsini qonaqlarla paylaşıb.
Qeyd edək ki, məktəblinin yaratdığı “Naxemlak.az” saytı Naxçıvanın ilk innovativ daşınmaz əmlak platformasıdır. Platforma istifadəçilərə əmlak alqı-satqısı və kirayəsini asanlaşdırmaq üçün pulsuz təkmil texnoloji həllər təqdim edir.
Tədbirdə təhsil, iqtisadiyyat, rabitə sahəsində çalışan əməkdaşlar, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri, şagirdlər, yerli əmlakçılar, investorlar, texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər.
Texnologiya mütəxəssisləri platformanın nə qədər asan istifadəyə malik olduğunu, şagirdlər və tələbələr tərəfindən bu cür startap layihələrin hazırlanmasının ölkəmizin rəqəmsal inkişafı üçün əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda Ədalət öz təəssüratlarını bölüşüb: "Bu təqdimat mənim üçün çox böyük bir addım idi. “Naxemlak.az” platformasını yaratmaq, bu qədər peşəkar insanlarla bölüşmək və onların müsbət rəylərini eşitmək məni çox sevindirdi. Platformamızın əmlakçılar və əhali üçün real dəyər yaratdığına inanıram və bu gün aldığımız rəylər bunu təsdiq etdi. Bu, mən və həmyaşıdlarım üçün yeni milli və qlobal startaplar, süni intellektə əsaslanan yeni layihələr üzərində işləmək üçün böyük motivasiya oldu. Mənə bu tədbirin təşkilində dəstək olduğuna görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, burada iştirak edən dövlət orqanlarının və təşkilatların nümayəndələrinə, bütün iştirakçılara təşəkkürümü bildirirəm"