Bu gündən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, sentyabrın 30-dan Naxçıvanda sertifikatlaşdırma prosesinin test mərhələsində uğur qazanan təhsilverənlər üçün müsahibə mərhələsinə başlanılıb.
1 oktyabr tarixinədək təşkil olunacaq müsahibə mərhələsində muxtar respublikanın ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat fənləri üzrə tədris aparan 333 müəllim dəvət olunub.
Proses Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən onlayn qaydada həyata keçirilir.
Qeyd edək ki, müsahibə mərhələsində müəllimlərin proqram əsasında mövzu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilməsi aparılır. Hər bir meyar 4 ballıq şkala əsasında qiymətləndirilməklə maksimum 40 bal olaraq müəyyənləşdirilmişdir. Müsahibə mərhələsində ən azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.