NUHÇIXAN xəbər verir ki, Babək qəsəbə 2 nömrəli tam orta məktəbində ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvan-mənim doğma diyarım” adlı şeir müsabiqəsi keçirilib.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşı Əbdüləli Mirzəyev və Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əhməd Əbil muxtariyyatın tarixindən və Naxçıvanda tarix boyu yaranan dövlətçilik ənənələrindən danışıblar.
Müsabiqədə 15 tam orta məktəbdən bədii qiraət bacarığı olan 18 şagird iştirak edib. Onlar vətənpərvərlik mövzusunda şeirlər deyiblər. Münsiflər heyətinin yekun qərarına əsasən, Yarımca tam orta məktəbin X sinif şagirdi Zəhra Məmmədova birinci, Babək qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Arzu İmanova ikinci, Güznüt kənd tam orta məktəbin VII sinif şagirdi Zeynəb Hüseynova isə üçüncü yerə layiq görülüb. Babək qəsəbə 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Vəfa Həsənova, Zeynəddin kənd tam orta məktəbin X sinif şagirdi Həşim Heydərov və Qahab kənd tam orta məktəbin VIII sinif şagirdi Şamama Qurbanova isə fərqlənən şagirdlər olublar. Sonda qaliblərə və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub. Tədbir Babək Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilib.