Əmlak platforması yaradan məktəbli Ədalət Əlisoy NUHÇIXAN-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
-Salam Ədalət, neçə vaxtı proqramlaşdırma ilə məşğulsan?
Salam, iki ildir, 10 yaşımdan proqramlaşdırma ilə bağlı onlayn kurslar keçirəm.
-Özünü haqqında nə deyə bilərsən?
Mən texnologiyaya və problemlərin həllinə böyük marağı olan biriyəm. Çox vaxtımı yeni şeylər öyrənməyə sərf edirəm. Mən daim öz üzərimdə işləməyə və daha da irəli getməyə çalışıram. İnsanlara faydalı olacaq layihələr yaratmaq mənim üçün ən böyük motivasiyadır.
-Sənin 12 yaşın var, belə ciddi ideya hardan ağlına gəldi?
Ailə tanışlarımız bəzən əmlak tapmaqda çətinlik çəkirdilər, çünki sosial mediada əmlak elanlarını tapmaq və uyğun olanı seçmək asan deyil, çoxlu vaxt aparır. Mən də düşündüm ki, niyə bu problemi texnologiya ilə həll etməyim? İnternetdə araşdırma elədim və real bir problemi həll etdim, Naxemlak.az platformasını yaratdım.
-Ədalət, platforma hazırda hər kəs üçün pulsuzdur, gəlir modeli necə olacaq?
Mənim məqsədim Naxçıvanda istifadəçiləri pulsuz əmlak platforması ilə təmin etmək və onların ehtiyaclarına uyğun bir xidmət təqdim etməkdir. İndi gəlir düşünməkdənsə, platformanın keyfiyyətli bir şəkildə inkişaf etməsini və genişlənməsini təmin etmək doğru olar. Gələcəkdə premium xidmətlər üçün abunəlik seçimləri ola bilər ki, platformanın xərclərini qarşılasın. Amma mənim məqsədim real layihə üzərindən öz biliklərimi artırmaq, daha böyük layihələr üçün özümə təcrübə toplamaqdır.
-Bu paltforma üçün hansı texnologiyalarıdan istifadə etmisən?
İki ilə ərzində onlayn Fullstack Javascript və Devops kursları keçmişəm, ən son texnologiyaları öyrənmişəm. Platformanın qurulmasında bir çox texnologiyanı istifadə etmişəm. Bunlara React.js, Next.js, Node.js, Express.js, MongoDB, Mongoose, Prisma, Google MAPS API, WebSocket, həmçinin Amazon S3, EC2, Heroku, CloudFlare kimi bulud texnologiyalarından istifadə etmişəm.
-Həmyaşıdlarınıza nə tövsiyə edirsiniz?
Həmyaşıdlarıma tövsiyəm odur ki, heç vaxt xəyal qurmaqdan qorxmasınlar və hədəflərindən vaz keçməsinlər. Hər yaşda nələrsə yaratmaq mümkündür. Əsas olan, nəyi sevdiyinizi və nədən zövq aldığınızı tapmaqdır. Hər zaman hədəflərinizi yüksək tutun və onlara doğru addımlayın.
-Təhsillə və gələcəklə bağlı planların nədir?
Gələcəkdə texnologiya sahəsində dərin biliklər əldə etmək üçün qabaqcıl universitetlərdən birində təhsil almağı hədəfləyirəm. Bu, mənə texnoloji biliklərə dərindən yiyələnmək və beynəlxalq təcrübə qazanmaq imkanı verəcək. Təhsilimi başa vurduqdan sonra isə böyük texnologiya layihələri həyata keçirməyi hədəfləyirəm. Məqsədim ölkəmizi texnoloji sahədə lider edən layihələr yaratmaqdır.
-Texnologiya və proqramlaşdırma sahəsində beynəlxalq yarışlarda iştirak etmək istəyirsənmi?
Bəli, texnologiya sahəsində beynəlxalq yarışlarda iştirak etmək ən böyük arzularımdan biridir. Bu yarışlar mənə həm öz bacarıqlarımı inkişaf etdirmək, həm də dünya səviyyəsində digər gənc proqramçılarla tanış olmaq imkanı verər. Beynəlxalq səviyyədə yarışmaq, qlobal problemləri həll etmək və bu sahədə təcrübə qazanmaq mənim üçün çox dəyərli bir təcrübə olardı.
-Bu uğurlarına görə kimlərə minnətdarlığını bildirmək istəyərdin?
İlk növbədə, valideynlərimə təşəkkür edirəm. Onlar mənim hər zaman yanımda olub, mənə güvəniblər və məni dəstəkləyiblər. Eyni zamanda, müəllimlərimə təşəkkür edirəm. Onlar mənə motivasiya verərərk hər zaman mənim inkişaf etməyimə kömək ediblər. Həmçinin bu layihəyə maraq göstərən, mənə motivasiya verən hər kəsə, elə Sizə də minnətdarlığımı bildirirəm.
-Təşəkkür edirik!