Məktəblilər arasında fənn olimpiadası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, məktəblilərin respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilib.
IX-XI sinif şagirdləri arasında keçirilən məktəblilərin respublika fənn olimpiadasında 691 şagird iştirak edib. Bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilən olimpiadada şagirdlərə hər fənn üzrə qapalı test formasında hazırlanmış 25 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt verilib.
Qeyd edək ki, olimpiadanın şəhər və rayon mərhələsinin nəticələrinə əsasən hər fənn üzrə hər sinifdən ən yüksək nəticə toplayan şagirdlər yarımfinal turuna vəsiqə qazanacaq.
Əbülfəz Dünyamalıyev