Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) elektron “Şəxsi kabinet”i olmalıdır.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, “Şəxsi kabinet” yaratmaq üçün istifadəçi ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir (yeni nəsil şəxsiyyət vəsiqəsi olan vətəndaşlar üçün sənədin seriyası bölməsində '-' seçilməlidir), nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib “Şəxsi kabinet yarat” düyməsini basır. Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, ekranda istifadəçinin soyadı, adı, atasının adı və digər məlumatları əks olunur.
Artıq “Şəxsi kabinet” yaradılarkən müvafiq sahədə mobil telefon nömrəsinin göstərilməsi məcburidir. Kabinet yaradılanda və ya telefon nömrəsi istifadəçi tərəfindən dəyişdiriləndə istifadəçinin mobil telefonuna SMS vasitəsilə 6 rəqəmli təsdiqləyici kod göndərilir. Bu kod kabinetdə müvafiq sahəyə daxil edildikdə mobil telefon nömrəsi aktual nömrə kimi saxlanılır.
“Şəxsi kabinet” yaradılan zaman mobil telefon nömrəsinin tələb olunmasının üstünlüyü ondan ibarətdir ki, həm zəruri hallarda istifadəçi ilə əlaqə saxlanıla bilər, həm də gələcəkdə “Şəxsi kabinet”in parolu itirilən halda kabinetin “parolu unutmuşam” bölməsindən istifadə etməklə SMS vasitəsilə parol mobil telefon nömrəsinə göndərilə bilər. Artıq “Şəxsi kabinet”i olan, lakin “əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsini qeyd etməyən və ya digər şəxslərə məxsus telefon nömrəsi qeyd olunan istifadəçilərə tövsiyə edilir ki, gələcəkdə bu xidmətdən istifadə etmək üçün “Şəxsi kabinet”lərinə daxil olub “əlaqə məlumatları” bölməsində özlərinə məxsus mobil telefon nömrəsini qeyd etsinlər.