Fevralın 7-də AMEA-nın əsas binasında görkəmli bioloq alim, həkim və pedaqoq, AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin anadan olmasının 90 illiyinə həsr edilən konfrans keçiriləcək.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Görkəmli bioloq alim, həkim və pedaqoq”, “AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin elmi və elmi-təşkilati fəaliyyəti” və digər mövzularda məruzələr dinləniləcək.
Qeyd edək ki, ötən əsrin 60-cı illərində Məmmədəli Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda aşkar edilmiş qədim insan məskəninin öyrənilməsində, dünya miqyasında tanıdılmasında Dəmir Hacıyevin böyük rolu olub. O, Azıx mağarasının 5-ci təbəqəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu təsdiqləyib, o cümlədən həmin təbəqədə tapılan ibtidai insanın alt çənə sümüyünün 20-22 yaşlı qadına məxsusluğunu müəyyənləşdirib. 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) müxbir üzvü seçilən alimin tədqiqatları yüksək qiymətləndirilib və o, “Qırmızı Əmək Bayrağı” ordeninə (1971), “Fədakar əməyə görə” medalına (1970), SSRİ Elmlər Akademiyasının “Akademik S.İ.Vavilov” adına xatirə medalına (1983), “Akademik Həsən Əliyev” adına mükafata və diploma (1996), “Əməkdar elm xadimi” fəxri adına və bir sıra fəxri fərmanlara layiq görülüb.