AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 7-nə olan kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
Son 24 saat ərzində Günəş küləyi parametrlərinin artması müşahidə olunub. Günəş küləyinin sürəti 350 km/saniyədən 450 km/saniyəyə qədər artıb. Geomaqnit sahə son 24 saat ərzində fasilələrlə nizamsız fəallıq şəraitlərinin meydana gəlməsinə baxmayaraq ümumən sakit olub.
Proqnoz günlərində (7-9 fevral) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin ilk iki gün ərzində (7-8 fevral) orta və yüksək səviyyədə qalacağı gözlənilir. Bu günlərdə elektron selinin yüksəlməsi əsasən CIR (Co-rotating Interaction Region – Müxtəlif sürətli axınların qarşılıqlı təsir oblastı) təsirinə bağlıdır. CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin üzünmüddətli təsiri səbəbindən üçüncü proqnoz günü (9 fevral) elektron selinin yüksək səviyyəyə qalxacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton seli proqnoz dövründə (07-09 fevral) fon səviyyələrində davam edəcək.
Proqnoz dövründə ilk gün (7 fevral) fasilələrlə fəal şəraitin - zəif həyəcanlanmanın davam edəcəyi istisna olunmur. Növbəti iki proqnoz günü isə (8-9 fevral) mənfi qütblülüyə malik CH HSS effektinin təsirindən fəal şərait periodlarının sayca artacağı gözlənilir. Buna baxmayaraq, proqnoz günlərində maqnit qasırğasının başvermə ehtimalı 10 faizdən aşağı qiymətləndirildiyindən geomaqnit sahə sakit rejimdə qalacaq.