Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biri tarixlər şahidi ulu Naxçıvan torpağıdır. Bu diyar tarix boyu müxtəlif imperiyaların göz dikdiyi strateji əhəmiyyətli məkanlardan biri olmuşdur. Əldən-ələ keçən bu cənnətməkan diyar XX əsrin əvvəllərində muxtariyyət qazanmaqla taleyini birdəfəlik Azərbaycanla bağlamışdır.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı imzaladığı sərəncamda bu torpağın qəhrəmanlıq tarixi və ölkəmizin ayrılmaz hissəsi olduğu mötəbər əksini tapıb: “Naxçıvanın qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir”. Sərəncamda da qeyd edildiyi kimi, təəssüf ki, Naxçıvanın qədim keçmişi, Muxtar Respublikanın yaranması və inkişaf tarixi sovet dövründə Azərbaycan tarixşünaslığında doğru-düzgün şəkildə işıqlandırılmamışdır. Bu mənada akademik İsmayıl Hacıyevin bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çapdan çıxan “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” adlı monoqrafiyası sərəncamdan irəli gələn vəzifələrin araşdırılması istiqamətində qədim diyarın 100 illik yubiley tədbirləri ərəfəsində ərsəyə gələn fundamental elmi-tədqiqat əsəridir. Naxçıvan diyarının muxtariyyət statusu əldə etməsi və bu əsasda Azərbaycanın tərkibində Muxtar Respublikanın yaradılması dövlətçiliyimizin tarixində müstəsna əhəmiyyətli hadisə olmuşdur. Əks halda, Naxçıvan da Qərbi Zəngəzur kimi itirilə bilərdi. Bu tarixi uğura baxmayaraq, Naxçıvanın şərəfli tarixi, xüsusən, muxtariyyət qazanması məsələləri son illərədək öz sistemli elmi təfsirini tapmamışdı. Tarixçi akademik İsmayıl Hacıyevin elmi fəaliyyətində naxçıvanşünaslığın tədqiqi məsələləri xüsusi yer tutur. “Azərbaycan dövlətçiliyi tarixində Naxçıvan” adlı doktorluq dissertasiyası da daxil olmaqla o, son 30 ildə Naxçıvan diyarının siyasi tarixi, muxtar respublikada dövlətçiliyin yaranması və inkişafı məsələlərini geniş və yüksək elmi səviyyədə araşdırmaqla məşğuldur. Alimin “çoxsaylı kitab, monoqrafiya və məqalələri Naxçıvan tarixinin azərbaycançılıq ideologiyası işığında tədqiqi baxımından sanballı və aktual elmi silsilə təşkil edir. Bu istiqamətdə akademikin yeni çapdan çıxmış “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyası isə çoxillik tədqiqatların ümumiləşdirici yekunu sayıla bilər. Giriş, 7 fəsil və nəticədən ibarət olan monoqrafiyaya geniş ədəbiyyat siyahısı, şəxs və coğrafi adlar göstəricisi və əlavələrin də daxil edilməsi əsəri daha da zənginləşdirib. Girişdə Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi probleminin tədqiqi səviyyəsi haqqında müvafiq mənbələr əsasında geniş şəkildə məlumat verilir. “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlanan birinci fəsil 5 yarımfəsildən ibarətdir. Çar Rusiyası 1917-ci ildə süqut etdikdən sonra Cənubi Qafqazda da vəziyyət mürəkkəbləşmiş, bölgə nəzarətdən çıxmışdı. Ona görə müəllif bu fəsildə Azər-baycanda dövlətin bərpası uğrunda mübarizə dövründə Naxçıvan (1917-1918), yeni yaranan Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan (1918-1920) məsələlərindən, həmin dövrdə Türkiyənin Naxçıvan bölgəsinə siyasi-hərbi yardımından, İngiltərə və ABŞ-nin Naxçıvan bölgəsinə dair ikili siyasətindən və bu kontekstdə ermənilərin bölgəyə ərazi iddiaları və silahlı müdaxiləsi məsələlərindən ayrı-ayrı başlıqlar altında əhatəli bəhs etmişdir. Müəllif göstərir ki, Naxçıvanın işğalçılardan müdafə olunması üçün osmanlı ordu birliklərini regiona yerləşdirən Kazım Qarabəkir paşa 1918-ci il noyabr ayında ordu Naxçıvanı tərk etməyə məcbur olduqda bölgənin düşmənlərdən qorunması üçün yeni siyasi qurum - Araz-Türk Cümhuriyyətinin yaradılması ideyasını irəli sürənlərdən biri olmuşdur. Araz-Türk Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu” adlanan II fəsil bu siyasi təşkilatın fəaliyyətinin öyrənilməsinə həsr edilmişdir. Alim ilk dəfə bu monoqrafiyada Araz-Türk Cümhuriyyətinin sərhədləri, fəaliyyəti, hökumətin tərkibi ilə bağlı bəzi mübahisəli məsələləri aydınlaşdırmağa nail olmuşdur. Monoqrafiyanın III fəsli “Naxçıvanda sovet hakimiyyətinin qurulması, muxtariyyət statusu və Naxçıvan MSSR-in təşkili” adlanır. Məlumdur ki, bu dövrdə daşnak Ermənistanı, Naxçıvanı işğal etmək üçün var qüvvəsi ilə çalışırdı. Naxçıvanı qoruyan Türk hərbi birliyi buna imkan vermirdi. Yerli əhali Naxçıvanın sovet Azərbaycanının tərkibində olmasını istəyirdi. Naxçıvanda sovet hökumə-tinin yaradılması 1920-ci il iyulun 28-də elan edilmişdi. Amma daşnak Ermənistanı Naxçıvana ərazi iddialarından əl çəkmək istəmirdi. Hərc-mərcliyə və Ermənistanın ərazi iddialarına son qoymaq üçün B.Şahtaxtinskinin iştirakı ilə 1921-ci ilin yanvar ayında Naxçıvanda referendum keçirildi. Referendumun nəticələri Moskva hökumətini məcbur etdi ki, yerli əhalinin iradəsini nəzərə alsın. Monoqrafiyada göstərilir ki, Moskva müqaviləsində Naxçıvanın ərazisi 6 min 238 kvadratkilometr göstərildiyi halda, 6 ay sonra imzalanmış Qars müqaviləsində bu ərazi 285 kvadratkilometr azaldılmışdır. Türkiyənin təzyiqi ilə meydana çıxan bu müqavilələr, müəllifin təsbit etdiyi kimi, Moskvanın yüksək dairələrində qısqanclıqla qarşılanmış, onun icrasına imkan verilməmişdir. Diyar gah Naxçıvan ölkəsi, gah Naxçıvan Sosialist Sovet Respublikası adlandırılmış, Ermənistanın tərkibinə verilməsi üçün zəmin hazırlanmışdır. Türkiyənin tələbi ilə, nəhayət, 1924-cü il 9 fevral tarixində Azərbaycan tərkibində bu il 100 illiyi tamam olan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan edilmişdir. Bu monoqrafiyada ilk dəfə muxtar respublikanın statusu məsələsi dövlət hüququ prinsipləri əsasında yüksək elmi səviyyədə tədqiq və təhlil olunmuşdur. “Naxçıvan MSSR XX əsrin 20-30-cu illərində” adlı IV fəslində muxtar respublika kimi bu bölgənin 15 illik siyasi-iqtisadi və mədəni məsələləri 4 yarımfəsildə arxiv materialları əsasında, azərbaycançılıq ideologiyası işığında araşdırılmışdır. Bu fəsildə Zəngəzur probleminin ortaya çıxması, sovet rəhbər dairələri üzərində erməni təsirinin güclənməsi nəticəsində Naxçıvan muxtariyyətinə qəsd, Azərbaycanla Naxçıvanı ayırmaq üçün qanunsuz olaraq ərazimizin Ermənistana verilməsi, bunun nəticəsində muxtar respublikanın 6 min 38 kvadratkilometr ərazisinin 1933-cü ildə 5 min 5329,6 kvadratkilometrə endirilməsi məsələləri və bunun acı nəticələri faktlar əsasında şərh edilmişdir. Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikası 1941-1945-ci illər müharibəsi dövründə” adlı V fəslində naxçıvanlıların müharibə cəbhələrində və arxa cəbhədəki fəaliyyətlərindən ətraflı şəkildə arxiv materialları əsasında yeni maraqlı məlumatlar verilmişdir. “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı” adlanan VI fəsildə qədim diyarın müharibədən sonrakı dövrdən müstəqillik dövrünə qədərki ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı yeni arxiv materialları əsasında şərh və təhlil edilmişdir. Bu qiymətli əsərin sonuncu VII fəsli diyarın müstəqillik dövründəki ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı məsələlərinin araşdırılmasına həsr olunmuşdur. Bu fəslin ilk bölməsi “Naxçıvan tarixində Heydər Əliyev dövrü (1990-1993)” adlanır. Bu, o vaxt idi ki, Naxçıvan böhran və səfalət içində idi, 20 Yanvar qırğını baş vermiş, Kərki kəndi işğal edilmişdi, Bakı ilə nəqliyyat əlaqəsi kəsilmək üzrə idi. Bu təhlükələri mərkəzin diqqətinə çatdırmaq üçün hətta Naxçıvan MSSR Ali Soveti 19 yanvar 1990-cı il tarixdə növbədənkənar sessiya çağırıb özünü müstəqil respublika elan etdi. Bu qərarla əlaqədar Heydər Əliyev demişdir ki, bu, naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduqlarını dünyaya sübut etdi. Müəllifin bu fəsildə qeyd etdiyi kimi, “Heydər Əliyev Naxçıvana qayıdışı ilə bu bölgəni və bütün Azərbaycanı gözləyən real təhlükədən xilas etdi. Onun Naxçıvana gəlişi burada ictimai-siyasi həyatı daha da canlandırdı, xalqın mübarizə əzmini möhkəmlən-dirdi. Heydər Əliyev xalq deputatı, sonra isə Ali Məclisin sədri kimi fəaliyyət göstərdiyi dövrdə bütün respublika üçün böyük əhəmiyyət kəsb edən qərarlar qəbul edildi. “Naxçıvan MR-in əsas inkişaf istiqamətləri və nailiyyətləri” bölməsində isə göstərilir ki, müstəqillik dövründə muxtar respublikada stabil hakimiyyətin yaradılması blokada şəraitinə baxmayaraq, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf sahələrində böyük uğurlara yol açdı. Muxtar respublikanın sosial-iqtisadi göstəriciləri kəmiyyət və keyfiyyət baxımından yüksəlməyə başladı. Beləliklə, Naxçıvanın Azərbaycanın həyatındakı rolu genişləndi və daha da möhkəmləndi. Ümumiyyətlə, akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyası ilə bir daha sübut etdi ki, “ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb siyasi bir şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.
ƏBÜLFƏZ QULİYEV
AMEA-nın müxbir üzvü