Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir
2019-cu ilin əvvəllərindən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. Gözlənildiyi kimi, layihə maraqla qarşılanıb və istifadəçilər belə "videodərs"lərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verir.
Materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir. Artıq ingilis dili fənni üzrə V, VI, VII sinfə aid materiallar əsasında “videodərs”lər kanalımıza yerləşdirilib. Hazırda isə VI sinif fizika fənni üzrə “vizaullaşdırılmış dərs”lərin bir hissəsi portala yerləşdirilib. Yaxın vaxtlarda digər dərslər də kanala yüklənəcək.
Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır.
Dərsliklərdəki mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri var. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.
Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.
“Videodərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.