Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirəcək.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. Lakin DİM tərəfindən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə mütəmadi onlayn sınaq imtahanları keçiriləcək. Ümumilikdə 5 sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.
Sınaq imtahanlarına yazılış yaxın günlərdə mümkün olacaq və əvvəlcədən elan edilmiş tarixlərdə aparılacaq. İmtahanlar da müəyyən edilmiş tarix və saatlarda keçiriləcək. İmtahanda iştirak haqqı 3 manatdır.
Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malik olacaqlar. İştirakçılar bu imtahanlarda qapalı tipli tapşırıqlar üzrə topladıqları bal ilə imtahanı bitirdikdən dərhal sonra tanış ola biləcəklər. Lakin yazılı şəkildə cavab vermək tələb olunan açıq tipli tapşırıqların qiymtələndirilməsi imtahan verənlərin özləri tərəfindən aparılacaq. Açıq tipli tapşırıqlar əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir. Meyarlarda tapşırığın mümkün doğru cavabları və abituriyentlərin verdiyi cavabların hansı balla qiymətləndirilə biləcəyi əksini tapır. Abituriyentlər öz cavablarını meyarlarla müqayisə edib özlərinə qiymət yazacaqlar. Bu imkan, eyni zamanda, abituriyentlərin, eləcə də müəllimlərin meyarlar əsasında tapşırıqları qiymətləndirmə vərdişlərinin formalaşmasına kömək edəcək. Qiymətləndirilmə aparıldıqdan sonra abituriyentlər həm qapalı, həm də açıq tipli tapşırıqlar üzrə topladıqları yekun bal ilə tanış ola biləcəklər.
http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.