Növbəti interaktiv dərs Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr edilib - FOTOLAR
“Naxçıvanın muxtariyyəti tarixi hadisədir” ümummilli lider Heydər Əliyevin bu fikri Dövlət Bayrağı muzeyində keçirilən interaktiv dərsdə səsləndirilib. Dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.
Dərsdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın muxbir üzvü Fəxrəddin Səfərli Azərbaycanın qədim bölgəsi Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etdiyini söyləyib, muxtar respublikanın yaradılmasının tarixi zərurətdən irəli gəldiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvanın 1924-cü il fevralın 9-da muxtariyyət qazanması düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı məkrli planlara sarsıdıcı zərbə vurdu. Türk dünyasına düşmən kəsilən qüvvələrin niyyətləri o idi ki, bir müddət sonra Naxçıvanı ölkənin əsas ərazisindən ayrı düşməsi arqumentini irəli sürməklə onu Ermənistana birləşdirsinlər. Bu amil Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirirdi.
Şagirdlərin diqqətinə çatdırılıb ki, 1921-ci il martın 16-da Moskva, 1921-ci il oktyabrın 13-də isə Qars müqaviləsinin bağlanması Naxçıvanın ərazi taleyində müstəsna rol oynayaraq muxtariyyət statusunu bərqərar edib.
Ümummilli lider Heydər Əliyev rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra bütün ölkədə olduğu kimi, Naxçıvanın da tənəzzül dövrü yaşadığını deyən Fəxrəddin Səfərli 90-cı illərin əvvəllərində ulu öndərin Naxçıvana qayıdışından sonra muxtar respublikamızın çətin sınaqlardan uğurla çıxdığını bildirib.
Bildirilib ki, hazırda 95 illik yubileyini qeyd edən Naxçıvan muxtariyyət tarixinin inkişaf dövrünü yaşayır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün Dövlət Proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq və abadlıq işlərinin fəal iştirakçısına çevrilib.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” çərçivəsində silsilə tədbirlər keçirilir. Keçirilən interaktiv dərs də həmin tədbirlərin tərkib hissəsidir.
Turab Hacızadə