Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir, fəal oblast yoxdur. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
Son 24 saat ərzində Günəş küləyi parametrlərinin zəifləyən CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) effekti fonunda azacıq yüksək səviyyədə olması müşahidə edilib.
Fevralın 11-dən 13-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin orta və yüksək səviyyədə olacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi parametrlərinin yaxşılaşacağı proqnozlaşdırılır. Ümumi geomaqnit sakitlik gözlənilsə də, fasilələrlə zəif fəal şəraitin - zəif həyəcanlaşmanın ola biləcəyi istisna edilmir. Maqnit qasırğasının başvermə ehtimalı 5 faizdən aşağı qiymətləndirilir.