NUHÇIXAN xəbər verir ki, fevralın 10-da Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirilib.
Sınaq imtahanı Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə aparılıb. İmtahanın keçirilməsinə 3 saat vaxt ayrılıb. Sınaq imtahanı abituriyentlərin qəbul imtahanına hazırlaşmağına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrinin real qiymətləndirilməsinə kömək edir. Sınaq imtahanına qeydiyyat internet vasitəsilə aparılıb.
Öz gücünü sınamaq üçün 1176 abituriyent qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 52 nəzarətçi müəllim, 8 imtahan rəhbəri cəlb olunub. 2 imtahan rəhbəri istisna olmaqla bütün imtahan rəhbərləri və nəzarətçi müəllimlər regional bölmənin bazasındandır. Hər bir blok fənni üzrə hər bir abituriyentə 30 test tapşırığı təqdim olunub. Onlardan 22-si qapalı test, 5 ənənəvi formada göstərilən açıq tipli test tapşırıqları, 3-ü isə yeni tədris proqramı-kurikulum əsasında olan tapşırıqlardır.
Qeyd edək ki, sınaq imtahanlarında əldə edilən nəticələr qəbul imtahanlarının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil.
Sınaq imtahanının nəticələri 10 gün müddətinədək Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcək. Hər bir abituriyent 7727-yə iş nömrəsini SMS göndərmək, eyni zamanda Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə parolu daxil etməklə baxa bilər.
Əbülfəz Dünyamalıyev