Yer kürəsində çoxlu sayda həşərat növlərinin nəsli kəsilmək üzrədir. Əgər bu tendensiyanın qarşısı alınmazsa, o zaman bir əsr ərzində həşərat növlərinin 40 faizi məhv olacaq. Bu isə öz növbəsində “təbiətin ekoloji sisteminin kollapsı” ilə nəticələnə bilər.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər “Biological Conversation” dərgisində yer alıb. Nüfuzlu jurnalda dərc olunan məqalədə qeyd edilir ki, əgər dünyada qida məhsulları istehsalında hazırda tətbiq edilən metodlar dəyişdirilməsə, o zaman bir çox həşərat növləri tarixə qovuşacaq və onların məhvi planetimizin ekosistemi üçün fəlakətli təsirə malik olacaq. Son 60 ildə kənd təsərrüfatının inkişaf tempi çoxlu sayda həşərat növlərini yox olmaq təhlükəsi altında qoyub. Bir tərəfdən onların yaşayış arealının əkin sahələrinə çevrilməsi, digər tərəfdən isə pestisidlərdən geniş istifadə bu canlılara mənfi təsir göstərir. Həşəratların müxtəlif kimyəvi maddələrə həssaslığı quşlar, sürünənlər və məməli heyvanlarla müqayisədə səkkiz dəfə yüksəkdir.
Təhlil edilmiş 73 elmi araşdırma əsasında qələmə alınan məqalədə son iki onillikdə həşəratların ümumi kütləsinin hər il 2,5 faiz azaldığı qeyd edilir. Həşəratların məhv olması, eyni zamanda, onlarla qidalanan heyvanlara (quşlar, sürünənlər, amfibiyalar və balıqlar) mənfi təsir göstərir və menyusunda yalnız həşəratlar yer alan, bu qida mənbəyindən məhrum olan bir çox heyvan növlərinin də nəsli kəsilmək təhlükəsi ilə üzləşir.
Kənd təsərrüfatı geniş yayılmış ərazilərdə bir sıra kəpənək növləri, pərdəqanadlılar (arılar) və böcəklər daha çox təsirə məruz qalır. Bitkilərin tozlanmasında mühüm rol oynayan həşəratların kütləvi məhvi bəşəriyyətin qida təminatı üçün ağır nəticələr törədə bilər. Bir sıra qanadlıların (cırcırama, baharçılar, bulaqçılar, gündəcələr və digər milçək növləri) əsas növləri artıq yer üzündən siliniblər.
Sənayeləşmiş kənd təsərrüfatı ilə yanaşı, qlobal istiləşmə də həşəratların məhvi üçün əsas səbəblər sırasındadır. Alimlər ekoloji təmiz kənd təsərrüfatına keçid, zəhərli gübrə və pestisidlərin tətbiqindən imtina etməklə həşəratların qorunmasına ciddi şəkildə müsbət təsir göstərməyin mümkünlüyünü də qeyd ediblər.