Naxçıvanda IX və XI siniflər üçün növbəti monitorinq imtahanlarında 9 mindən artıq şagird iştirak edib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yanvarın 19-da şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX və XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti monitorinq qiymətləndirmə imtahanı keçirilib.
Monitorinq imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 9 mindən artıq şagirdin iştirakı təmin olunub. İmtahanda şagirdlərə Azərbaycan və ingilis dillərinin hər birindən ayrı-ayrılıqda 30, riyaziyyat fənnindən isə 25 olmaqla ümumilikdə 85 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.
Qeyd edək ki, monitorinq imtahanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.
Məlumat üçün bildirək ki, mərkəzin imkanlarından istifadə edilməklə IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış və qəbul imtahanları formatında olmaqla tədris ili ərzində 6 monitorinq qiymətləndirmə imtahanları təşkili nəzərdə tutulur. Bu gün təşkil olunan monitorinq imtahanı 2024-2025-ci tədris ilində keçirilən ikinci sınaq imtahanıdır.
Monitorinq qiymətləndirmə imtahanları dövlət proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən ödənişsiz olmaqla həyəta keçirilir.