NDU-da Dövlət Proqramının icrası və 2025-ci il layihələri müzakirə olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası və 2025-ci ildə nəzərdə tutulan layihələrə həsr olunmuş müşavirə keçirilib. Rektor Elbrus İsayev qeyd edib ki, bu Dövlət Proqramı regionun inkişafı üçün önəmli layihələri əhatə edir və universitetin strateji hədəflərinə çatmasında mühüm rol oynayır. Bildirilib ki, yeni ixtisaslar – İnformasiya təhlükəsizliyi, Tibb (ingilis dilində), Nanoelektronika və MBA (Səhiyyənin idarə edilməsi) proqramlarının açılması universiteti yeni zirvələrə yüksəldib. Xüsusilə, Tibb fakültəsində SABAH qruplarının yaradılması tələbələrə yüksək səviyyəli təhsil mühiti təqdim edib. Həmçinin vurğulanıb ki, beynəlxalq IELTS və SAT imtahanlarının keçirilməsi tələbələrə biliklərini qlobal standartlara uyğun təsdiqləmək imkanı yaradıb. Rektor qeyd edib ki, NDU-nun nəzdində yaradılan Kembric Beynəlxalq Məktəbi və İngilis dili Təmayüllü Gimnaziya regionda beynəlxalq təhsil imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Universitetin İqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı 2024-cü ildə Dövlət proqramı layihələrinin icrası ilə bağlı görülmüş işlərdən bəhs edərək bildirib ki, universitetin nəzdində ingilisdilli Gimnaziya və Kembric Beynəlxalq Məktəbi təsis edilmiş, lisenziya alınaraq məktəbin strukturu formalaşdırılmışdır. O bildirib ki, müvafiq tələblərə uyğun müəllim qəbulu həyata keçirilib, məktəbin kitabxanası və texniki təminatı üçün Dövlət Proqramı çərçivəsində 72 748 manatlıq dərslik və müxtəlif Kembric nəşri olan kitablar, 151 440 manatlıq elektron tədris avadanlıqları təminatı reallaşdırılıb. Rektor müşaviri vurğulayıb ki, Tibb fakültəsində SABAH qruplarına tələbə qəbulu uğurla baş tutub və 21 tələbə tədrisə başlayıb. O qeyd edib ki, Tibb fakültəsi, Tibb Kolleci və Tibbi-Tədqiqat Klinikası üçün nəzərdə tutulan ikinci kampusun yaradılması prosesi 2025-ci ilin tədbirlər planına keçirilib. Ülvi Baxışlı əlavə edib ki, Çankırı Karatekin Universiteti ilə İqtisadiyyat ixtisası üzrə ikili diplom proqramı 2024-2025-ci tədris ilindən başlayıb. Eyni zamanda, Macarıstanın John Von Neumann Universiteti ilə Kompüter mühəndisliyi üzrə ikili diplom proqramı üçün müqavilə bağlanıb və müvafiq qurumlara təsdiq üçün təqdim edilib. O vurğulayıb ki, 2025-2027-ci illərdə nəzərdə tutulan tədbirlərin icrası üçün layihə təkliflərinin hazırlanması və həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə qeyd edib ki, hazırda universitetin dünyanın 140-dan çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələri mövcuddur. O vurğulayıb ki, bu universitetlərdən 90-a yaxını Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələridir. Aidə Cəlilzadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə Macarıstan, Belarus, Özbəkistan və Qırğızıstan universitetləri ilə ikili diplom və anlaşma memorandumları imzalanıb. Ümumilikdə, il ərzində 12 memorandum, 6 ERASMUS razılaşması və 2 ikili diplom layihəsi reallaşdırılıb. Prorektor qeyd edib ki, Hacettepe Universiteti ilə “Tibb bacısı işi” ixtisası üzrə ikili diplom danışıqları aktiv fazaya keçib, NDU Tibb fakültəsinin 139 nəfərlik heyəti Türkiyənin müxtəlif universitetlərində təcrübə keçib. Eyni zamanda, Azərbaycan Dillər Universitetinə 6 tələbə, ABŞ Midwest Universitetinin onlayn proqramına isə 2 tələbə qatılıb. O, həmçinin diqqətə çatdırıb ki, 2024-cü ildə NDU IELTS və SAT imtahan mərkəzlərində müvafiq olaraq 3 və 9 imtahan təşkil edilib. Aidə Cəlilzadə vurğulayıb ki, 2025-ci ildə beynəlxalq akkreditasiya olunan ixtisasların artırılması, yeni ikili diplom müqavilələrinin imzalanması və Alman dili Mərkəzinin açılması kimi layihələr nəzərdə tutulub.

          Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbinin direktoru Bayram Əliyev bildirib ki, məktəbin missiyası şagirdləri dünyaya müsbət töhfə verən qlobal vətəndaşlar kimi yetişdirməkdir. 350 nəfər şagirdin təhsil aldığı məktəb STEAM otağı, kompüter, kimya, fizika və biologiya laboratoriyaları, kitabxana, idman təchizatları, yataqxanalar və yeməkxana ilə təmin olunub. Tədris prosesi Kembric kurikulumu əsasında qurulub və bütün fənlər, əlavə fəaliyyətlər ingilis dilində aparılır, müəllim və heyət isə minimum IELTS 6.5 səviyyəsində dil biliyinə malikdir. Direktor qeyd edib ki, məktəbdə həmçinin 6-cı siniflərə proqramlaşdırma dərsləri keçirilir və şagirdlərə süni intellektin əsasları öyrədilir, məqsəd isə informasiya texnologiyaları bacarıqları olan, gələcəkdə bu sahələrdə bilik sahibi olan şagirdlər yetişməkdədir. Həmçinin, məktəbdə könüllülük fəaliyyətləri təşkil edilir və şagirdlər sosial layihələrə cəlb olunurlar. 2023-cü ildən fəaliyyət göstərən Foundation Proqramında hazırda 60-a yaxın şagird təhsil alır, bu proqram çərçivəsində ingilis dili və riyaziyyat dərsləri keçirilir. Məktəbdə idarəetmə, müəllim hazırlığı, valideynlərlə iş, kitabların və texniki avadanlıqların təminatı ilə yanaşı, Kembric və yerli attestatların verilməsi, UTİS sisteminə inteqrasiya və elmi sərgilərin təşkili istiqamətində işlər aparılır. Kembric akkreditasiya prosesinin bir hissəsi olaraq, CELTA – training mərkəzinin açılması və müəllimlərə TKT sertifikatlarının tövsiyə edilməsi ,həmçinin məktəbdə xarici müəllimlərin işə cəlbi və yay məktəblərinin təşkil edilməsi planlaşdırılır.

Sonda rektor Dövlət proqramında icra ediləcəklərlə bağlı görüləcək işlərə dair tapşırıqlar verib.

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: