Təhsil xalqın ən dəyərli sərvətidir. O, təkcə bilikləri deyil, insanın ruhunu, düşüncəsini, gələcəyini formalaşdıran bir işıqdır. Təhsil, hər bir cəmiyyətin inkişafının təməl daşını qoyur və o daşın üstündə yüksələn binanın möhkəmliyi, təkcə o təməl ilə deyil, onun gələcək nəsillərə ötürdüyü qiymətli dəyərlərlə ölçülür. Bir millətin gələcəyi, onun uşaqlarına verilən təhsilin keyfiyyətində gizlidir. O təhsil ki, yalnız kitabdan deyil, həyatın hər anından, hər təcrübəsindən öyrədir. O təhsil ki, insanın özünə, başqalarına və cəmiyyətinə qarşı məsuliyyətini hiss etməsini təmin edir...
Hər il yanvar ayının 24-də qeyd olunan Beynəlxalq təhsil günü hər insana təhsilə əlçatanlığın təmin edilməsinin zəruriliyi mesajını verir. Azərbaycanda da bu prinsip nəzərə alınır və təhsil, keçmişin dərin köklərindən, bu günün müasir tələblərinə uyğun olaraq inkişaf edir. Ölkə rəhbərinin təyin etdiyi nizamlı yol xəritəsi nəticəsində ən ucqar kəndlərdə belə, müasir tələblərə uyğun yeni məktəb binaları tikilib və istifadəyə verilib. Bəs bütün bu sevindirici hallarla yanaşı daha hansı yeniliklər var?
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Elşən Qəbulov NUHÇIXANA müsahibəsində bildirir ki, 2024-cü il şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən biri olub. Buraxılış və qəbul imtahanlarında şagirdlərimiz tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib, eyni zamamda Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 şagird 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bölgələr arasında da muxtar respublikanın ümumtəhsil məktəbləri ikinci yerdə qərarlaşıb. Həmçinin 2023-2024-cü tədris ilində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə də buraxılış imtahanlarında 5 şagirdimiz 300 bal toplamaqla maksimum nəticəni əldə edib. Eyni zamanda fərqlənmə attestatı ilə məktəbi bitirən məzunlarımızın sayı da əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə ümumi və tam orta təhsil səviyyəsi üzrə 121 məzun fərqlənmə attestatı alıb, cari tədris ilində isə bu göstərici 3 dəfədən çox artaraq 387 nəfərə (253 tam (11 illik) orta, 134 ümumi (9 illik) orta təhsil səviyyələri üzrə) yüksəlib. 8 məzunumuz qızıl, 1 məzunumuz isə gümüş nişana layiq görülüb. Bütün bu göstəricilər Muxtar Respublikada yaradılan və uğurla inkişaf etdirilən təhsil sisteminin təzahürüdür.
Həmçinin ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması istiqamətlərində tədbirlərin həyata keçirilməsi, icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması, STEAM kabinələrinin yaradılmasının davam etdirilməsi, təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin kompüter, proyektor, elektron lövhələr ilə təmin edilməsi, veb kameraların quraşdırılması və digər məsələlər nəzərdə tutulub. Proqramın icrası Naxçıvan təhsilində yeni bir mərhələnin başlanğıcını qoymaqla, təhsilin inkişafına öz töhfəsini verməkdədir. Hazırda Naxçıvan Muxtar Respublikasında ümumtəhsil müəssisələrində 154 STEAM kabineti müvəffəqiyyətlə fəaliyyət göstərir. Eyni zamanda 2024-cü ilin əvvəlindən etibarən Naxçıvan şəhərində STEAM Təlim- Tədris Mərkəzinin yaradılması da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. 2025-ci ildə əlavə olaraq 50 təhsil müəssisəsində STEAM kabinələrinin yaradılması nəzərdə tutulub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında imzalanmış “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsi çərçivəsində də işlər davam etdirilir. Bir neçə təhsil müəssisəsində artıq avadanlıqlar quraşdırılıb. Bu layihə ilə məktəblərdə hibrit dərslərin təşkil olunması və müşahidə otaqları vasitəsilə müəssisələrin nəzarətdə saxlanması planlaşdırılır. Məktəblilərimizin elektron resurslardan daha səmərəli şəkildə istifadə etmələri onlarda tədqiqat bacarıqlarının inkişafına da töhfə verəcəkdir. Dövlət tərəfindən atılan bu addım, həm təhsil infrastrukturunun gücləndirilməsinə, həm də uşaqların daha yaxşı şəraitdə təhsil almasına stimul yaradır!
Unutmayaq ki, təhsilə sərf olunan hər bir saniyə, gələcəyimizə verilən ən böyük sərmayədir. Bizə düşən isə, bu işığa doğru addımlamaqdır. Bu günün qeyd edilməsi, həmçinin dünyada təhsil barəsindəki çatışmazlıqları da bizə xatırladır. Dünya üzrə milyonlarla uşaq hələ də məktəbə gedə bilmir. Beynəlxalq Təhsil Günü, təsirli dəyişikliklər yaratmaq üçün bir çağırışdır. Bu gün, biz bir daha təhsilin yalnız bir hüquq olmadığını, həm də insanın irəliləməsi üçün yeganə vasitə olduğunu xatırlayırıq. Təhsil, bizə yalnız bilik deyil, eyni zamanda empati, anlayış və əməkdaşlıq gətirir. Unutmayaq ki, bu gün bir çox qadın və qızlar təhsildən kənar qalır, məcburi köçkünlər və müharibə zonasındakı insanlar təhsil imkanlarından məhrum olur. Bu vəziyyətə susmaq və ya göz yummaq, bu insanların təhsil alma haqqını tapdalamaqdır. Təhsil, sadəcə fərdi inkişaf deyil, bərabərlik və ədalətə dayanıqlı bir dünyada bir arada yaşamağı bacarmaqdır.
Səma Hüseynli
Naxçıvan televiziyasının redaktoru