Naxçıvan Dövlət Universitetində əməkdaşların maddi rifahının yüksəldilməsi, sosial qayğılarının azaldılması, tədrisə, elmə, şəxsi inkişafa marağın artırılması universitet rəhbərliyinin prioritetlərindəndir. Bu məqsədlə mövcud resurslar çərçivəsində mütəmadi yeniliklər edilir.
Universitetdə əməyin ödəniş sistemində ədalətliliyin və şəffaflığın təmin edilməsi üçün müxtəlif ödəniş mexanizmlərindən istifadə olunur. 2021-ci ildə universitet rektorunun təşəbbüsü ilə reallaşdırılan əməkhaqqıların artırılması zamanı differensiallaşdırılmış (fərqləndirilmiş) metod bunun sübutudur. Bu metodla əməkdaşların iş həcmi, məsuliyyət səviyyəsi və performans göstəricilərinə uyğun əməyin qarşılığının daha ədalətli ödənilməsinə nail olunub.
Son dövlərdə universitetin maliyyə siyasətinin düzgün proqnozlaşdırılması, dəqiq analitik təhlillərin aparılması, maliyyə qaynaqlarının şaxələndirilərək çoxaldılması da burada mühüm faktordur. Həmçinin NDU-nun son bir neçə ildə tədrisin və elmin inkişafı istiqamətində reallaşdırdığı əhəmiyyətli tədbirlər universitetin ölkə miqyasında və beynəlxalq aləmdə nüfuzunun kifayət qədər artmasına səbəb olub. Bu da, öz növbəsində, universitetə əcnəbi və dövlət sifarişi ilə yüksək ballı tələbələrin qəbulunu əsaslı artıraraq maliyyə dayanıqlılığını möhkəmləndirib.
Naxçıvan Dövlət Universitetinin rektor müşaviri (iqtisadi məsələlər üzrə) Ülvi Baxışlı NUHÇIXAN-a müsahibəsində bildirib ki, əldə olunmuş imkanlar hesabına universitetin strukturunun çağdaş tələblərə uyğun və daha effektiv fəaliyyəti üçün son 5 ildə ştat vahidinin sayı 729-dan 286 vahid artırılaraq 1015-ə (ştatdankənar və mövsümi işçilər xaric) çatdırılaraq ümumi əməkhaqqı fondu 4 dəfədən çox artırılıb. Eyni zamanda bütün strukturlardan olan əməkdaşların minimum əməkhaqqı artım göstəricisi 2,5 dəfədən artıq olub ki, bu da kifayət qədər əhəmiyyətli rəqəmdir.
NDU rektorunun 23 yanvar 2025-ci il tarixdə əməkhaqqı artımı ilə bağlı əmri də özündə mühüm yenilikləri ehtiva edir. Ümumilikdə, əməkhaqqı fondunun orta hesabla 15%-i həcmində bütün əməkdaşlar üçün artım reallaşdırıldı və müxtəlif vəzifələr üzrə vəzifə əməkhaqqılarına əlavələr müəyyənləşdirildi. Fakültə rəhbərlikləri üçün tələbə sayı nisbətində 30%-dək, kafedra müdirləri üçün akademik qiymətləndirmə, keyfiyyət meyarları əsasında qiymətləndirilmə və dərs yükü həcminə görə 20%-dək, Tibb fakültəsi kafedraların professor-müəllim heyəti üçün 40%-dək, tədrisi ingilis dilində olan ixtisaslarda tədris aparan professor-müəllim heyəti üçün 90%-dək, eyni zamanda ümumi pedaqoji heyətin akademik qiymətləndirmə və keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə görə 25%-dək vəzifə əməkhaqqılarına artım əlavə olundu.
Hal-hazırda üzərində çalışdığımız və dünyanın qabaqcıl ölkələrinin tətbiq etdiyi akademik və inzibati heyətin performans qiymətləndirməsi metodunun da yaxın gələcəkdə tətbiq edilməsi bu mexanizmi daha da təkminləşdirərək mühüm nəticələrin əldə olunmasına zəmin yaradacaqdır. Bütün qeyd olunanlar və ümumi universitet strategiyası NDU-da təhsilin keyfiyyətini, elmi fəaliyyətin və təhsilverənlərin sosial rifahının yüksəldilməsini hədəfləyir ki, bu da, öz növbəsində, qloballaşan dünyada universitetin rəqabətqabiliyyətliliyini yüksəltməyə və beynəlxalq reytinqlərdə ön sıralarda qərarlaşmasına əhəmiyyətli təsir göstərəcək.
Fariz Əhmədov