“Adil Babayev-100” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində görkəmli şair, dramaturq, tərcüməçi Adil Babayevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq şair Adil Babayevin XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında imzası ilə tanınan ən istedadlı nümayəndələrindən biri olduğunu qeyd edib. Akademik bildirib ki, dövrün ən çətin günlərində yazıb-yaradan şairin yaradıcılığına diqqət etdikdə onun nə qədər vətənə bağlı şair olduğunu görmək mümkündür.
Sonra tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov şairin poeziyasında sonet janrına sistemli şəkildə yanaşan, onun gözəl nümunələrini yaratmasından, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova şairin mətbuat sahəsindəki yorulmaz fəaliyyətindən, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Adil Babayev və teatr” mövzusunda çıxışlar edərək şairin həyatı və yaradıcılığına geniş şəkildə toxunublar.
Qeyd edək ki, Adil Qafar oğlu Babayev 1925-ci ildə yanvar ayının 27-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra “Şərq qapısı” qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışan Adil Babayev yaradıcılığa da həmin dövrdə başlayıb. O, 1943-cü ildə Tbilisidə Aleksandr Sergeyeviç Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olur. Burada o, “Sovet Gürcüstanı” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik edir. Sonra Adil Babayev “Kommunist” qəzetində ədəbi işçi, tərcüməçi, “İnqilab və mədəniyyət” jurnalında poeziya şöbəsinin müdiri kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini bitirən şair, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru vəzifəsində çalışır.
O, teatrşünas kimi teatra da maraq göstərib. “Məşədi Əzizbəyov adına teatr”, “Şərəfli yol” monoqrafiyalarını və ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə aid çoxlu məqalələrini qələmə almaqla milli teatrın inkişafında xüsusi rol oynayıb. Adil Babayev Məşədi Əzizbəyov adına Azərbaycan Dram Teatrında ədəbi hissə müdiri, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işlədikdən sonra 1971-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olaraq ömrünün sonuna kimi bu vəzifədə işləyib.
Çoxcəhətli, bədii yaradıcılığı olan şair “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyularaq əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunub.
Görkəmli şair yaradıcılıq fəaliyyətində bir çox poema, hekayə və şeir kitablarının müəllifidir.
Şair, tərcüməçi, dramaturq Adil Babayev 1977-ci il avqust ayının 19-da Bakıda vəfat edib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı