Martın 4-dən 8-dək Parisdə, UNESCO-nun qərargahında mobil təlim həftəsi keçiriləcək. Təlim həftəsi süni intellekt və onun dayanıqlı inkişafa töhfəsi mövzusuna həsr ediləcək.
NUHÇIXAN UNESCO-nun saytına istinadla xəbər verir ki, təlim həftəsində təhsildə süni intellektin hamı üçün əlçatan olması və ondan bərabərhüquqlu istifadə, təhsil və təlimin daha da yaxşılaşdırılması üçün süni intellektdən istifadə, süni intellekt dövründə iş və həyat vərdişlərinin inkişafına kömək, təhsil məlumatlarından istifadə zamanı şəffaflığın təmini məsələləri müzakirə ediləcək.
Martın 4-də UNESCO tərəfindən süni intellekt üzrə qlobal konfrans keçiriləcək. Konfrans süni intellekt və texnologiyalardan istifadə edilməsi ilə bağlı imkanlar və problemlər haqqında müzakirələr aparmaq və məlumatlılığı artırmaq məqsədilə təşkil olunacaq.
UNESCO-nun təlim həftəsində iştirak üçün bugünədək 1200 nəfər qeydiyyatdan keçib.