Reyhan Camalova ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək

A- A A+

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən NUHÇIXAN-a bildirilib ki, Reyhan Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.

Bu uğuruna görə R.Camalova mayın 12–dən 17-dək ABŞ-ın Finiks şəhərində keçiriləcək Intel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.

R.Camalova yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir.

Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ildən-ilə artmaqdadır. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən InteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: