Abituriyentlərin nəzərinə: qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanlarına qeydiyyat başlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçiriləcək.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, onlayn sınaq qəbul imtahanlarının həm birinci (cari ilin məzunları üçün buraxılış), həm də ikinci mərhələsi üzrə təşkil olunacaq. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq. Artıq qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı birinci sınaq imtahanlarına qeydiyyat başlayıb. İmtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahanın tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir. İmtahanda iştirak haqqı 3 manatdır.
Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar. İştirakçılar bu imtahanlarda qapalı tipli tapşırıqlar üzrə topladıqları bal ilə imtahanı bitirdikdən dərhal sonra tanış ola bilərlər. Yazılı şəkildə cavab vermək tələb olunan açıq tipli tapşırıqların (hər fənn üzrə 3 tapşırıq) cavabları abituriyentlər tərəfindən müvafiq sahələrə daxil edilməlidir. İmtahanı başa çatdırdıqdan sonra qiymtələndirmə meyarları tapşırıqların altında veriləcək. Açıq tipli tapşırıqlar əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilir. Meyarlarda tapşırığın mümkün doğru cavabları və abituriyentlərin verdiyi cavabların hansı balla qiymətləndirilə biləcəyi əksini tapır. İmtahan verənlər öz cavabları ilə meyarları müqayisə edib qiymətləndirmə aparacaqlar. Yalnız bundan sonra açıq tipli tapşırıqlardan toplanılan bal ümumi bala əlavə edilir. Bu imkan, eyni zamanda, abituriyentlərin, eləcə də müəllimlərin meyarlar əsasında tapşırıqları qiymətləndirmə vərdişlərinin formalaşmasına kömək edəcək. Qiymətləndirilmə aparıldıqdan sonra abituriyentlər həm qapalı, həm də açıq tipli tapşırıqlar üzrə topladıqları yekun bal ilə tanış ola biləcəklər.
http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış olmaq mümkündür.