“Naxçıvan dilçilik məktəbi” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə nəşr olunan “Naxçıvan dilçilik məktəbi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitabın Naxçıvan dilçi alimlərinin həyat və yaradıcılığını əks etdirən mühüm bir ensiklopedik nəşr olduğunu vurğulayıb. O bildirib ki, kitab Azərbaycan dilçilik elminin müxtəlif istiqamətləri üzrə tədqiqat aparan alimlərin fəaliyyətini işıqlandırır və bu sahədə gələcək araşdırmalar üçün əsaslı bir mənbə rolunu oynayacaq.

Kitabın müəllifləri – AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova əsərin hazırlanmasında Azərbaycan dilçiliyinə böyük töhfələr verən alimlərin həyat və yaradıcılığını diqqət mərkəzinə çəkiblər.

Təqdimatda çıxış edənlər kitabın tarixi əhəmiyyətini və Azərbaycan dilçilik elminə töhfələrini xüsusi qeyd ediblər. Məruzələrdə dünya və Azərbaycan dilçilik elminin inkişaf yoluna nəzər salınıb, Naxçıvan dilçilik məktəbinin formalaşması və inkişafındakı mühüm mərhələlər haqqında məlumat verilib.

Təqdimat mərasiminin sonunda müəlliflər adından çıxış edən professor Əbülfəz Quliyev kitabın ərsəyə gəlməsinə dəstək olan hər kəsə minnətdarlığını bildirib və əsərin Azərbaycan dilçilik elmi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: