AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin, AMEA Naxçıvan Bölməsinin 10 iyul 2024-cü il tarixdə təsdiq edilmiş yeni Nizamnaməsinin müvafiq bəndlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyətinin yeni tərkibinin formalaşdırılması məqsədi ilə seçki keçirilib.
Keçirilən gizli səsvermənin nəticələrinə əsasən AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyev Rəyasət Heyətinin sədri, AMEA Naxçıvan Bölməsi Aparatının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Rəyasət Heyətinin elmi katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Naxçıvan) baş elmi işçisi, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, professor Tariyel Talıbov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasının dosenti, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru Əliəddin Abbasov və AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru, dosent Fərman Xəlilov Rəyasət Heyətinin üzvləri seçiliblər.
Seçkinin nəticələri elan olunduqdan sonra çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Rəyasət Heyətinin yeni tərkibini təbrik edib, gələcək fəaliyyətində uğurlar arzu edib.
Qeyd edək ki, Rəyasət Heyəti AMEA Naxçıvan Bölməsinin idarəetmə orqanıdır. Yeni tərkibdə seçilən Rəyasət Heyəti 21 fevral 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında təsdiq edildiyi halda rəsmi fəaliyyətə başlamış hesab olunacaq.