“IELTS tərəfdaşları tədbiri”ndə Naxçıvan Dövlət Universiteti də təmsil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Britaniya Konsulluğunun dəvəti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Cənab Fergus Auldun iqamətgahında keçirilən tədbirdə Təhsilin İnkişafı Fondunun nümayəndələri, ali təhsil müəssisələrinin IELTS mərkəzlərinə məsul şəxslər və IELTS müəllimləri iştirak ediblər. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə və IELTS koordinatoru Bayram Əliyev də ali təhsil ocağını təmsil ediblər.
Tədbiri giriş sözü ilə açan və azərbaycanca iştirakçıları salamlayan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Cənab Fergus Auld IELTS üzrə əməkdaşlıq edən tərəfdaşlarla işbirliyindən məmnunluğunu ifadə edib və Naxçıvan Dövlət Universitetinin də Təhsilin İnkişafı Fondunun IELTS layihəsinə qoşulmasının önəmini vurğulayıb.
British Council Azərbaycanın ölkə üzrə direktoru xanım Nərgiz Hacıyeva və Britaniya Konsulluğunun Cənubi Qafqaz üzrə İmtahan rəhbəri Nərgiz Əkbərova qonaqları salamlayaraq tədbirin mahiyyəti və IELTS üzrə tərəfdaşlıq fəaliyyətinin gələcək perspektivlərindən bəhs ediblər.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə universitetdə fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzinin fəaliyyəti, uğurları və gələcək strateji hədəfləri barədə səfirə məlumat verib. 2022-ci ildən fəaliyyət göstərən NDU IELTS Qeydiyyat və İmtahan Mərkəzində 250-yə yaxın namizədin IELTS üzrə akademik ingilis dili bacarıqlarının yoxlanıldığını diqqətə çatdırıb. Prorektor qeyd edib ki, mərkəzdə imtahan kompüter əsaslı təyinatla həyata keçirilir və Britaniya Konsulluğunun IELTS imtahanı mütəxəssislərinin birbaşa iştirakı ilə reallaşdırılır. Cənab səfir statistik nəticə və mərkəzin fəaliyyətindən məmnunluğunu ifadə edərək gələcək əməkdaşlıq və fəaliyyətlərdə uğurlar arzu edib.