Mayın 17-dən iyunun 14-dək ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak üçün qeydiyyatdan keçməlidirlər.
Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bəndləri də seçməyə icazə verilir.
Martın 29-dan aprelin 30-dək elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərti ilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. Bu kateqoriyadan olan rus bölməsinin abituriyentləri isə mayın 29-dək elektron ərizələrini təsdiqləməlidirlər ki, iyunun 10-da keçiriləcək Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə bilsinlər.
Aprelin 22-də rus bölməsi abituriyentləri üçün keçirilmiş Azərbaycan dili fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər də ikinci imtahanda iştirak üçün qeydiyyatdan keçməlidirlər. Elektron ərizələrini aprelin 11-dən 30-dək təsdiqlədən rus bölməsinin abituriyentləri isə Azərbaycan dili fənni imtahanına birbaşa qeydiyyatdan keçmiş hesab olunurlar. Onlar ikinci imtahanda iştirak edəcəklər.