“Vikipediya”da Milli Qəhrəman Elman Hüseynov haqqında xarici dillərdə məqalələr yaradılıb - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində “Vikipediya”da Milli Qəhrəman Elman Hüseynov haqqında ingilis dilində məqalə yaradılıb.
MEK-dən NUHÇIXAN-a bildirilib ki, türk dilində olan “Vikipediya”da məqalə Azərbaycanca “Vikipediya”nın idarəçisi Araz Yaquboğlu tərəfindən yaradılıb.
Məqalələrdə Elman Hüseynovun həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir. Bildirilir ki, 1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edən E.Hüseynov 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, həmin ilin noyabrında isə Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. O, Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Həmçinin onun şəxsi rəhbərliyi altında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Döyüşlərdə iki dəfə yaralanan E.Hüseynov 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 1995-ci il yanvarın 15-də ölkə başçısının müvafiq Fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynov “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
Qeyd edək ki, “Vikipediya” Metodik Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində xarici dillərdə olan “Vikipediya”larda Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli elm və ictimai-siyasi xadimləri haqqında məqalələr yerləşdirilib. Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələr yaradılması nəzərdə tutulub.