NDU-da SABAH qruplarına alınan 4 dildə 173 adda 200-dən artıq dərsliklərin, 5 proyektorun və 15 noutbukun təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində yaradılmış SABAH qruplarına dövlət vəsaiti hesabına alınmış informasiya texnologiyaları avadanlıqları və dərsliklərin təqdimatı baş tutub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, universitetin aidiyyəti struktur bölmələrinin nümayəndələri, Tibb fakültəsinin dekanlığı, elmi-pedaqoji heyət və SABAH qruplarının tələbələri iştirak ediblər.
Universitetin rektoru Elbrus İsayev çıxış edərək Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da Tibb ixtisası üzrə SABAH qrupları yaradılaraq 21 tələbə ilə fəaliyyətə başlanıldığını qeyd edib. Bildirib ki, SABAH qrupları ali təhsil sisteminə dünya təcrübəsini gətirərək tələbələrin daha rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə imkan yaradır. Bu qruplarda təhsil alan tələbələr yüksək akademik göstəricilərlə yanaşı, geniş təcrübə imkanlarına da malik olurlar. Rektor vurğulayıb ki, tədrisin yüksək səviyyədə təşkili məqsədilə Dövlət Proqramından ayrılan maliyyə vəsaiti hesabına baza tibb fənlərinin tədrisində istifadə olunacaq 173 adda 200-dən artıq kitab, 5 proyektor və 15 noutbuk alınaraq tələbələrin istifadəsinə verilib. Həmçinin dövlət hesabına alınan avadanlıqların və resursların səmərəli istifadəsinin vacibliyini qeyd edib.
Tədris departamentinin direktoru Şahin Əliyev ali təhsil ocağında yeni məzmunlu SABAH qruplarının təşkili vəziyyəti və 2025-ci ildə görüləcək işlər barədə məlumat verib. O bildirib ki, tədris ilinin II yarısında bu qruplarda təqaüd proqramları genişləndiriləcək, tədrisin təşkilində müasir metodlar tətbiq olunacaq.
Tədbirdə çıxış edən Tibb fakültəsinin müəllimi Fariz Məmmədov, SABAH qruplarının II kurs tələbələri Şövkət Əlisoy, Tahir Əlizadə və tədrisi ingilis dilində Tibb ixtisasının II kurs tələbəsi Nəsibə Əzizova yaradılan şəraitə görə minnətdarlıq edib, tibbi biliklərini daha da təkmilləşdirmək üçün səylə çalışacaqlarını bildiriblər.
Tədbirin sonunda iştirakçılar yeni informasiya texnologiyaları avadanlıqları və dərsliklərlə tanış olublar.
Fəxriyyə Səyyadova
Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı