NDU-da innovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair elmi-praktiki konfrans keçirilib - FOTOLAR
Naxçıvan Dövlət Universitetində “İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşma: rəqəmsal mühasibat uçotu müasir maliyyə mexanizmləri, reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərovun moderatorluğu ilə keçən konfransda Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli, rəsmi şəxslər, NDU-nun müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər.
Universitetin rektoru Elbrus İsayev belə görüşlərin təşkilini yüksək qiymətləndirib, 2025-ci ildə bu mövzuda daha çox tədbirlərin olacağını qeyd edib. Rektor dördüncü sənaye inqilabı dövründə müasir çağırışların rəqəmsal bacarıqları öyrənməyi və yararlanmağı tələb etdiyini vurğulayıb. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin də sürətlə rəqəmsallaşmağa doğru irəlilədiyinə diqqət çəkib.
Elbrus İsayev bildirib ki, NDU bu yöndə ölkədə nümunəvi ali təhsil müəssisəsidir. Universitet ilk dəfə elektron təhsil sisteminə keçib, ilk dəfə smart tələbə kartı “TələbəPlus”un istifadəsini tətbiq edib, tədris prosesi və elmi tədqiqatlarda hibrid təhsil qurulub, elmi əsərlər jurnalı elektronlaşıb. Rektor, həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bu il açılacaq NDU–da İnnovasiyalar Mərkəzi barədə məlumat verib, məqsədin ölkədə rəqəmsal bacarıqlara dair strategiyaya uyğun, əmək bazarının tələblərinə cavab verən yenilikçi kadrlar hazırlamaq olduğunu qeyd edib.
Sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış ediblər. Rəsmilər Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi, bu sahədə statistik məlumatların, aparılan təhlillərin müsbət nəticələri, rəqəmsal maarifləndirməyə göstərilən diqqət, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellekt və innovativ yeniliklərin qarşıya qoyduğu əsaslı çağırışlardan söz açıblar.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin “Mühasibat və maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov “İnnovasiyalı iqtisadiyyatda rəqəmsal mühasibat uçotu: müasir reallıqlar və perspektivlər”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru, iqtisad elmləri doktoru Rəsul Balayev “Rəqəmsal innovasiyaların prioritetləri”, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərov “Vergi xidmətində rəqəmsallaşma və innovativ xidmətlər” mövzularında çıxış edib, dayanıqlı iqtisadiyyatın təmin olunmasında rəqəmsallaşmanın rolundan danışıblar.