Naxçıvan Dövlət Universitetinin tələbələri MEK-in elektron nəşrlərindən ödənişsiz yararlana biləcəklər - FOTOLAR

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanası arasında onlayn görüş keçirilib.

MEK-dən NUHÇIXAN-a bildirilib ki, görüşün məqsədi hər iki qurumun fəaliyyəti ilə yaxından tanışlıq və qarşılıqlı tərəfdaşlıq imkanlarının müzakirəsi olub.

NDU Elmi Kitabxanasının direktoru filologiya üzrə fəlsəfə doktoru dosent Xumar Məmmədova çıxış edərək kitabxananın fondu, qiymətli kitab kolleksiyaları, ənənəvi və elektron informasiya resurslarına çıxış imkanları barədə ətraflı məlumat verib. Xumar Məmmədova universitetin gənclər siyasəti çərçivəsində həyata keçirdiyi bir sıra layihələrdən, o cümlədən “Zəfər qəhrəmanlarımızı tanıdaq” layihəsindən, müxtəlif dil kurslarından və tələbələrin könüllü fəaliyyətindən söz açıb.

O, həmçinin MEK-in zəngin kitab fondunun NDU kitabxanasının inkişafına töhfə verəcəyini vurğulayaraq, universitet kitabxanasına dəstək məqsədilə müəyyən kitabların təqdim olunmasını və MEK-in e-kitabxanasından sərbəst istifadəyə giriş imkanının verilməsinə fürsət yaradılmasını təklif edib.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov da öz növbəsində rəhbərlik etdiyi kitabxanada görülən işlərdən, yeniliklərdən danışıb. Direktor MEK-də uğurla həyata keçirilən könüllülük hərəkatı, “Açıq qapı” layihəsi, yenilənən veb-sayt və genişlənən elektron bazanın əhəmiyyətini vurğulayıb.

H.Hüseynov gələcək əməkdaşlıq çərçivəsində kitab mübadiləsinin vacibliyini vurğulayaraq, AMEA-nın elmi nəşrlərinin NDU Elmi Kitabxanasına təqdim olunması üçün MEK tərəfindən lazımi imkanın yaradılacağını bildirib.

Direktor, həmçinin NDU tələbələrinin MEK-in elektron nəşrlərindən ödənişsiz yararlanmaq imkanı əldə edəcəklərini vurğulayıb.

Səmərəli keçən görüş zamanı qarşılıqlı səfərlər, təcrübə mübadilələri və təlimlərin təşkili ilə bağlı da müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: