NDU ilə ABŞ-nin Corc Vaşinqton Universiteti ikili diplom üçün ilkin razılıq əldə edib, əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Amerika Birləşmiş Ştatlarının tanınmış universitetlərindən Corc Vaşinqton Universiteti ilə ali təhsil ocağı arasında görüş keçirilib. Görüşdə universitetin rektoru Elbrus İsayev və rəhbər heyət, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer və universitetin proqram direktoru Sevinc Məmmədova iştirak edib.
NDU və Corc Vaşinqton Universiteti arasında magistratura təhsil pilləsi üzrə müzakirələr aparılıb. “Səhiyyənin idarə edilməsi” və digər ixtisaslara dair ikili diplom proqramları, peşəkar inkişaf proqramları, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqatlar, kitabxana bazalarına inteqrasiya, professional təlim proqramları, ortaq seminar və konfransların təşkili və başqa prioritet əməkdaşlıq sahələrinə dair yol xəritəsi barədə ilkin razılığa gəlinib. NDU ilə Corc Vaşinqton Universiteti arasındakı əməkdaşlıq akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə, tərəfdaşlıq imkanlarının genişləndirilməsi və gələcəkdə təhsil liderlərini hazırlamaq məqsədinə hədəflənib.
Görüşdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 - ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan “Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili” tədbirinin icrası məqsədilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında ikili diplom üçün ilkin razılıq əldə edilib, Əməkdaşlıq Memorandumu imzalanıb.
Əməkdaşlığın icrası və gələcək layihələrin reallaşdırılması məqsədilə hər iki ali təhsil müəssisəsi nəzdində icraya məsul işçi qrupların yaradılmasına qərar verilib.
Sonda rektor Elbrus İsayev Corc Vaşinqton Universitetinin nümayəndələrinə Naxçıvan və universitet haqqında kitablar hədiyyə edib.