NDU-da “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan“İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı keçirilib. Konfrans Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində baş tutub.

4-5 mart tarixlərini əhatə edən konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı, Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsı Nazirliyinin iştirakı ilə təşkil olunub.

Konfransda rəsmi qurumların, təşkilatçı universitetlərin rəhbər heyəti və nümayəndələr, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Müəllimlər İnstitutu, Lənkəran, Gəncə, Sumqayıt Dövlət Universitetlərinin müəllimləri, ölkənin müxtəlif bölgələrindən orta məktəb müəllimləri, muxtar respublika orta məktəblərinin psixoloqları və digər dəvətlilər iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəlliməsi Lətifə Quliyevanın sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə hazırladığı “Gələcəyə inam” layihəsinin təqdimatı olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə konfransı açıq elan edərək, bildirib ki, konfrans müxtəlif əqli və fiziki məhdud imkanlı uşaqların geniş çeşidli tədris fəaliyyətlərinə cəlb edilməsinə dair aparılmış tədqiqatların müzakirə edilməsi, problemin həlli yollarına dair təkliflərin dəyərləndirilməsi məqsədi daşıyır.

Tədbir Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfovun, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadənin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanovun, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyevin, Xəzər Universitetinin Humanitar,təhsil və sosial elmlər fakültəsinin dekanı Aygün Verdiyevanın çıxışları ilə davam edib.

Natiqlər xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsindən, onların keyfiyyətli təhsili üçün hüquqi bazanın yaradılmasından, inklüziv təhsilin tətbiqində real vəziyyət, mövcud problemlər və beynəlxalq təcrübənin ölkə təhsilinə inteqrasiyasından danışıblar. Bildiriblər ki, inklüziv təhsil artıq ölkəmizdə təhsilin ayrılmaz tərkib hissəsini təşkil edir.

Daha sonra NDU Magistratura və doktorantura mərkəzində konfransın panel iclasları başlayıb.

Konfrans dünən və bu gün 3 salonda keçirilir və 16 paneldə bölmə iclasları ilə davam edir. 150 dən çox tədqiqatçı tərəfindən təqdim edilən 140-dək elmi təqdimat müzakirə olunur.

“İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı çərçivəsində Naxçıvan Dövlət Universitetinin İnkluziv Təhsil Mərkəzinin də açılışı olub. Mərkəzin direktoru Taleh Xəlilov qonaqlara mərkəz və avadanlıqlar haqqında məlumat verib.

Sonda rektor Elbrus İsayev konfransın təşkilində əməkdaşlıq edən dövlət qurumlarına və tərəfdaş universitetlərə plaketlər təqdim edib.

Kifayət Mahmudova
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri


 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: