“Bütöv Azərbaycanı ikiyə bölən məkan: Türkmənçaya bir baxış” adlı tərcümə əsəri haqqında düşüncələr

A- A A+

Azərbaycan xalqının zaman-zaman başına gətirilən faciələr bu gün tarixə çevrilərək kitablarda, yazılarda qalsa da, xalqın taleyinə yazılan qara səhifələr olaraq heç vaxt unudulmur. Lakin bu kölgələr məhz xalqın özünün iradəsi, əzmi, müxtəlif zamanlarda xalqın yenilməz sərkərdələrinin gücü, dərrakəsi sayəsində öləzimiş, ancaq ölməmişdir. Məhz xalqımızın taleyini və dövlətimizin ərazisini ikiyə bölən acı-ağrı dolu siyasətlər kimi... Bu siyasətlər də Gülüstan və Türkmənçay timsalında müqavilələr daxilində xalqın taleyinə sağalmağı mümkün olmayan yaralar vurdu...

Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının ağrılı taleyi haqqında müxtəlif dönəmlərdə müxtəlif kitablar, monoqrafiyalar, elmi tədqiqat işləri, elmi və publisistik məqalələr yazılıb ərsəyə gətirilib. Bunlardan biri də AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin yenicə işıq üzü görən “Azərbaycan xalqının taleyinin ikiyə bölən məkan: Türkmənçaya bir baxış” adlı tərcümə əsəridir. Əsəri farscada yazan müəllif isə Cənubi Azərbaycanlı Hüseyn Qaraağacdır. Bu tərcümə əsəri bütöv Azərbaycanın aktual məsələlərini öyrənmək baxımından diqqəti cəlb edir. Şimali Azərbaycanın erməni, rus problemi olduğu kimi Cənubi Azərbaycanın da fars millətçiliyi problemi vardır. Ona görə də bir kəndin timsalında qədim mədəniyyəti, adət-ənənəsi olan Cənubi Azərbaycan insanının məşəqqətli həyat tərzini elmi dildə təsvir edən bu kitab 1978-ci ildə Təbrizdə nəşr olunduqdan sonra geniş oxucu kütləsinin marağına səbəb olur və 1988-ci ildə yenidən nəşr olunur. Tərcümə əsəri kimi kitab Naxçıvandakı “Əcəmi” nəşriyyatında işıq üzü görüb. Fars dilindən mükəmməl şəkildə tərcümə edilən bu əsər tarixi taleyimizə balta vuran müqavilənin imzalandığı Cənubi Azərbaycanın Türkmənçay kəndinin (indi şəhristan) ərazisi, onun əhalisi, mədəniyyəti, folkloru, etnoqrafiyası haqqında qısa, lakonik, bir o qədər də aydın təsvirlərlə zəngin əsərdir.

Azərbaycan xalqının qanlı-qadalı tarixini səhifələyərkən bölünərək qonşularına verilən torpaqlarımızın harayını duymamaq mümkün deyil. Düzdür, bu harayı ruhu, qanı-canı ilə bu torpağa, xalqa bağlı olan vətən övladları duya bilir. Və bu duyğu da tariximizin əslini ifadə edən, əsl tarix hayqıran faktlardan doğan əsərlərin meydana gəlməsini vacib məqam kimi şərtləndirir.

Kitabın əvvəlində “Türkmənçay” toponimi haqqında məlumat müşahidə olunur. Əsərin müəllifinin fikrincə, Qacarlar dövründə Abbas Mirzənin sərəncamına əsasən Türkmənçay kəndinin sakinləri mülki vergidən və mülkiyyətlə bağlı bir sıra öhdəliklərdən azad edilirdilər. Ona görə də yuxarıda adıçəkilən digər kəndlərin sakinləri bu güzəştlərdən yararlanmaq üçün Türkmənçay kəndində məskunlaşırdılar. Bəzi tədqiqatçılar isə, bu fikirdədirlər ki, bu kəndlər monqollar tərəfindən bölgə işğal edilib yandırıldıqdan sonra adlandırılıb. Həmçinin, Türkmənçay da bu qəbildən olan kəndlərdən biridir. Amma müqavilə imzalanarkən kəndin mərkəzindən çay keçməsi səbəbindən“Türkmən” kəndinin sonuna “çay” sözünü də əlavə etdilər.

Kitabın ön sözündə əsərin tərcüməsini həyata keçirən prof. Ə. Quliyev haqlı olaraq yazır ki, 1813-cü ildə Qarabağın Gülüstan kəndində Qacarlarla Rusiya arasında Azərbaycan daha çox Rusiyanın xeyrinə nəticələnən şəkildə bölüş-dürüldükdən sonra dövlətin müqəddəratını ona tarixən məkrlə yanaşan iki dövlət Qacarlar və Rusiya həll etdi. 1804-1813, 1826-1828-ci illərdə Azərbaycanın torpaqları uğrunda aparılan işğalçı müharibələr bu xalqın taleyinə qanlı-qadalı zərbələr vurdu. 1828-ci ildə isə Azərbaycanı öz aralarında paylaşmağı belə bacara bilməyən işğalçı Qacar-Rusiya yenidən “sülh” adı ilə Azərbaycanı bölüşdürmək uğrundakı məkrli siyasətləri ilə bu xalqın taleyinə qara xətt çəkdi. Məhz Təbriz yaxınlğında yerləşən Türkmənçay ərazisində Azərbaycanın azğınlıqla dolu olan ikinci işğalı başa çatdı. Hər zaman məkrli siyasətlə özünün hegemonluğunu yaşadan Rusiya onunla bu mübarizədə yenilmək məcburiyyətində qalan Qacarlarla “sülh” bağlayaraq dünyaya özünün heç də “humanizmdən” xali olmadığını “göstərdi”. 1828-ci ildə fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində Qacarlar ilə 16 maddədən ibarət sülh müqaviləsi bağlandı. Azərbaycanın torpaqlarına ən az Rusiya qədər həris olan Qacarlar Rusiya kimi məkrli siyasət daşıyıcısının qarşısında duruş gətirə bilməyib “sülh” adı altında Cənubi Qafqaza və Şimali Azərbaycana olan iddialarından birdəfəlik əl çəkdi.

Qeyd edək ki, kitab səkkiz bölmədən ibarətdir. “Türkmənçay sözünün mənşəyi” adlı ilk bölmədə toponimin həm elmi, həm də xalq etimologiyası baxımından izahı verilir. Təbiidir ki, burada verilən izah sadə bir etimoloji təhlildir. Sözün dərin elmi etimoloji izahı isə müxtəlif tədqiqat əsərləri daxilində mövcuddur.

“Türkmənçayda coğrafi vəziyyət və həyat tərzi” adlı bölmədə, adından bəlli olduğu kimi, ərazinin yerləşməsinin coğrafi yönümdən təqdimatı ilə yanaşı buradakı əhalinin yaşam tərzi haqqında məlumat verilir.

“Ənənəvi əkinçilik, heyvandarlıq və bunlarla bağlı adət-ənənələr” adlı bölmədə əhalinin təsərrüfat həyatı, məxsusi təsərrüfat üsulları, təsərrüfatla bağlı yaranan ənənə elementləri haqqında təsvir təqdim olunur.

“Türkmənçay kəndində evlənmək adətləri”, “Türkmənçayda ailə sistemi”, “Türkmənçayda dəfn və yas mərasimləri” adlı bölmələrdə ərazinin məişət mərasimləri, etnoqrafik və əxlaqi dəyərləri haqqında təsvir xarakterli məlumat verilir.

“Türkmənçaylıların inancları” bölməsində isə ərazinin qədim mifoloji görüşlərini ifadə edən ilkin görüşlərinin buradakı xalqın təfəkküründə mövcud olan kiçik janr örnəklərində - inanc və sınamalarda, türkəçarə örnəklərində təzahürü haqqında məlumat verilir.

Nəhayət, “Türkmənçay müqaviləsi” bölməsində Azərbaycan xalqının tarixi taleyinə böyük zərbə vurmuş məlum müqavilədən bəhs edilir. Bu müqavilə on altı maddə şəklində təqdim edilir. Eləcə də Türkmənçayda İranla Rusiya arasında bağlanmış ticarət müqaviləsi doqquz fəsil daxilində təsvir edilir. Sonda isə müqavilənin imzalandığı ev, onun sahibi haqqında arxivdən əldə olunmuş məlumatlar öz əksini tapır.

Ümumiyyətlə, “BÜTÖV AZƏRBAYCANI İKİYƏ BÖLƏN MƏKAN: TÜRKMƏNÇAYA BİR BAXIŞ” adlı bu kitab Azərbaycan xalqının taleyinə zərbə vuran “Türkmənçay müqaviləsi”nin imzalandığı məlum Türkmənçay kəndi haqqında ərsəyə gəlmiş diqqətçəkən əsərlər sırasındadır. Kitabın Azərbaycan dilinə tərcümə edilməsi də bu tarixlə bağlı bir çox üstüörtülü faktlara da aydınlıq gətirə bilər.

AMEA Naxçıvan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri

Filologiya üzrə fəlsəfə doktoru,

dosent Aytən Cəfərova

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: