“Naxçıvan” Universitetində təcrübəqabağı konfrans keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki,“Naxçıvan” Universitetində pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə təcrübəqabağı konfrans keçirilib.

Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hamiliyə verilmiş Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, informatika, xarici dil müəllimliyi və filologiya ixtisası üzrə III kurs, həmçinin riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələri ilə keçirilən təcrübəqabağı konfransın əhəmiyyətindən danışıb.

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial məişət-şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 220-si ixtisas seçimi zamanı bu təhsil ocağını seçib. Həmin 220 abituriyentdən 104-ü pedaqoji profilli ixtisaslarda təhsil alır. Qeyd olunub ki, bu tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə “Naxçıvan” Universitetinin 8 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub. Bununla yanaşı vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin 1 məzunu ümumtəhsil məktəblərində psixoloq, 1 məzunu isə tərbiyəçi vəzifəsinə təyin olunub.

Qeyd olunub ki, fevralın 18-dən  aprelin 6-dək qədər  Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 15 nömrəli və Babək rayon Kərimbəyli tam orta məktəblərində 106 tələbə pedaqoji təcrübədə olacaq. Tələbələr təcrübə müddəti ərzində pedaqoji prosesi mənimsəmə və pedaqoji mühitə uyğunlaşma imkanı əldə edəcəklər. Nazirlik tərəfindən onların yüksək səviyyədə praktiki iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq, təcrübə dövründə tələbələrin təcrübə keçdikləri məktəblərdə açıq dərslər təşkil olunacaq.

Bildirilib ki, bundan əvvəl Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə təcrübəqabağı konfrans keçirilib. Bu cür konfransların keçirilməsi tələbələrin aldıqları nəzəri bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir.

Nazir məktəblərdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlərlə bağlı məktəb direktorlarına aidiyyatı üzrə tapşırıqlar verib. 

Konfransda bir sıra mövzular ətrafında çıxışlar edilib.

Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov “Müəllimlik peşəsinin xüsusiyyətləri” mövzusunda çıxış edərək slayd vasitəsilə təcrübənin təşkilinə dair ümumi qaydaları və tələbləri ətraflı izah edib. 

Sonda Təhsil Nazirliyi tərəfindən universitetə dərslik və metodiki vəsaitlər hədiyyə edilib. 

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: