Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet məsələdir. Aparılan quruculuq işlərində məktəbə, təhsil infrastrukturunun müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. 20 ildən artıq bir dövrdə muxtar respublikada 200-dən çox məktəb binasının tikilməsi, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ və sərhəd kəndlərində eyni tədris şəraitinin yaradılmasının nəticəsidir ki, şagirdlərin təhsilə marağı artıb. Ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun göstəriciləri ilbəil yaxşılaşıb. Xüsusilə məktəblərdə elektron lövhələrin quraşdırılması, internetə çıxışı olan kompüterlərin, müasir laboratoriyaların, fənn kabinələrinin və zəngin fonda malik kitabxanaların istifadəyə verilməsi buraxılış və qəbul imtahanlarında yüksək nəticələrin qazanılmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu gün muxtar respublikada təhsil sahəsində qazanılan bəzi nəticələr ölkə üzrə ümumi göstəricidən yüksəkdir. Dövlət İmtahan Mərkəzinin 2018-ci ildə ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair hazırladığı elmi-statistik təhlillər bunu bir daha təsdiq edir. Təhlildən görünür ki, muxtar respublikanın ümumtəhsil məktəbləri 2018-ci ili uğurla başa vurub, ümumi və tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında ayrı-ayrı fənlər üzrə yüksək nailiyyətlər əldə olunub.
Belə ki, ötən il ümumi orta təhsil bazası üzrə IX siniflərin buraxılış imtahanında Azərbaycan dili fənnindən ölkə üzrə orta göstərici 47,5 faiz olduğu halda, muxtar respublika üzrə bu göstərici 48 faiz, riyaziyyat fənnindən ölkə üzrə orta göstərici 36,4 faiz, muxtar respublika üzrə isə 37,2 faiz olub.
IX siniflər üzrə buraxılış imtahanının nəticələri:
Tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarının nəticələri də uğurlu olub. Belə ki, muxtar respublikanın XI sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə ölkə üzrə ilk pillədə qərarlaşıblar. Ötən il XI siniflərin buraxılış imtahanında ölkə üzrə orta göstərici 66,9 faiz, muxtar respublika üzrə isə 76,1 faiz təşkil edib.
Fənlər üzrə göstəricilərə nəzər saldıqda aydın olur ki, Azərbaycan dili üzrə ölkə göstəricisi 58 faiz olduğu halda, muxtar respublika üzrə 65,4 faiz, riyaziyyat üzrə ölkə göstəricisi 56 faiz olduğu halda, muxtar respublika üzrə 63 faiz, xarici dil üzrə ölkə göstəricisi 49,1 faiz olduğu halda, muxtar respublika üzrə 54 faiz olub.
XI siniflər üzrə buraxılış imtahanının nəticələri:
Ötən il ümumtəhsil məktəblərini bitirən məzunlardan 2519-u ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verib, onlardan 1781-i, yaxud 71 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul olan şagirdlərdən 331-i 500-700 arasında bal toplayıb, onlardan 6-sı Prezident təqaüdünə layiq görülübdür. Məzunlardan 13-ü qızıl, 11-i gümüş medal, 151-i isə fərqlənmə attestatı alıb.
Ali məktəblərə qəbul olan məzunlardan 658-i pedaqoji profilli ixtisasları seçmişdir ki, bunlardan da 125-i 500-700 arası bal toplayıb. Biri isə Prezident təqaüdçüsüdür. Yaradılan şəraitin nəticəsidir ki, tələbə adını qazanmış məzunlardan 1196-sı muxtar respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil almağa üstünlük veriblər.
Qazanılan nailiyyətlər muxtar respublikada təhsilə göstərilən diqqətin, vətənpərvər, bilikli və geniş dünyagörüşə malik gənclərin hazırlanması sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir.