Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayan alim, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
M.Nağısoylu Dilçilik İnstitutunda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib. Nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ana dilimizin tətbiqi, təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir.
Sonra akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin dilimizin inkişafında mühüm rolundan danışıblar. Qeyd edilib ki, dövlət dili dil siyasətinin əsas anlayışıdır. Ədəbi dilin dövlət dili səviyyəsinə yüksəldilməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alimlər dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıblar.
Konfransda dosent Elşad Abışov “Azərbaycan dilinin inkişaf tarixinə bir baxış”, dosent Füzuli Mustafayev “Azərbaycan dilinin inkişafında kinonun rolu”, elmi işçi Rəxşanə Babazadə “Ana dilinin saflığının qorunması” mövzularında məruzələrlə çıxış ediblər.