Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib - FOTOLAR
Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilən ədəbi-bədii tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ədibin məzarını ziyarət ediblər.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Böyük demokrat ədib Cəlil Məmmədquluzadə haqqında söz” mövzusunda geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının icrasına uyğun olaraq AMEA-da tədbirlərə start verilib. Vurğulanıb ki, Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, bədii düşüncənin formalaşmasında mühüm rol oynayıb. Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda daim mübarizə aparıb. Onun dərin humanist məzmuna malik dram və nəsr əsərləri, bədii publisistikası özündə milli və bəşəri dəyərləri ehtiva edir.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Səadət Vahabovanın “Mirzə Cəlil yaradıcılığında milli mənlik problemi” mövzusunda məruzəsi dinlənilib. Həmçinin Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbin direktoru Pənah Babayev və Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşı Səkinə Abbasova çıxış ediblər. Məktəbin müəllimi Vüsalə Həsənovanın rəhbərliyi ilə şagirdlər Cəlil Məmmədquluzadənin əsərlərindən səhnələr nümayiş etdiriblər, habelə yazıçıya həsr olunmuş şeirlər səsləndiriblər.
Cəlil Məmmədquluzadənin ev-muzeyi və institutun kitabxanası tərəfindən foyedə təşkil edilmiş sərgidə yazıçının əsərlərindən və haqqında yazılmış məqalələrdən ibarət kitablar yer alıb.