İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Keçirilən tədbirlərdə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “21 fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı fevral ayı ərzində silsilə tədbirlər həyata keçirilir.
Fevral ayının 11-dən 21-dək ümumtəhsil məktəblərində “Ana dilimizi sevək, qoruyaq” mövzusunda dəyirmi masalar təşkil olunub, ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə şagirdlərə geniş məlumat verilib.
Fevralın 20-də şəhər və rayonlarda ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. İnşa yazı müsabiqəsində Naxçıvan şəhəri üzrə 40, Şərur rayonu üzrə 36, Babək rayonu üzrə 30, Ordubad rayonu üzrə 22, Culfa rayonu üzrə 26, Kəngərli rayonu üzrə 50, Şahbuz rayonu üzrə 23, Sədərək rayonu üzrə isə 25 olmaqla, ümumilikdə 252 şagird iştirak edib. Müsabiqənin keçirilməsinə 2 saat vaxt ayrılıb.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgisi və hörmətini, müstəqil bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirməkdir.
İnşa yazı işləri Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən yoxlanılıb, qaliblərə diplomlar verilib.
Turab Hacızadə