Aprelin 16-da Naxçıvanda Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalar çərçivəsində aparılmış müsabiqənin məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsahibə mərhələsi keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, müsahibə mərhələsində məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün keçirilən test imtahanında uğur qazanan 8 namizədin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar təqdim olunacaq.
STEAM Təlim-Tədris Mərkəzində keçiriləcək müsahibənin vaxtı barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.